“Azərbaycanla düşmənçilik çöküşdür” – Paşinyan geri addım atır
Paşinyan yeni müharibə olacağı təqdirdə, heç kimin yenidən köməyə gəlməyəcəyini və bunun Ermənistanın dağılması ilə nəticələnəcəyini aydın şəkildə anlayır”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Ermənistandakı radikalların hələ də Azərbaycanın qələbəsi ilə razılaşmadıqlarını bildirib:
“Ermənistan parlamentində və bunun xaricində təmsil olunan radikal müxalifət hələ də reallığı anlaya və qəbul edə bilmir ki, Ermənistan müharibəni uduzdu, Azərbaycan işğal olunmuş əraziləri geri qaytardı və beynəlxalq səviyyədə tanınmış sərhədlərini müəyyənləşdirir. Mövcud durumda Ermənistanın gələcəyi üçün yeganə şans sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakı ilə dialoqa başlamaqdır.
Baş nazir Nikol Paşinyanın son açıqlamaları və çıxışları göstərir ki, o, Azərbaycan və Türkiyə ilə sülhün əldə edilməsinin önəmini anlamağa başlayıb. Paşinyan öz ölkəsinin hökumət başçısı və Moskva ilə daimi təmasda olan bir şəxs olaraq, yeni müharibə olacağı təqdirdə, heç kimin yenidən köməyinə gəlməyəcəyini və bunun Ermənistanın dağılması ilə nəticələnəcəyini aydın şəkildə anlayır. Azərbaycan və Türkiyə ilə düşmənçilik məhz çöküş yoludur. Kiçik Ermənistan iki qüdrətli qonşu ilə nə vaxta qədər müharibə edə bilər? Ona görə də ilk növbədə sülhə və sabitliyə ehtiyacı olan tərəf Ermənistanın özüdür”.
Elxan Şahinoğlu Ermənistandakı müxalifətçilərin baş verənlərə münasibətinə də toxunub:
“Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan avqustun 27-də öz Feysbuk səhifəsində guya erməni xalqının bir daha təslim olmağına dözməyəcəyini və Nikolla razılaşmaların yalnız xatirə olaraq qalacağını yazmışdı. Azərbaycana təslim olduqdan sonra yenidən seçkilərdə Nikol Paşinyanı və onun komandasını dəstəkləyən həmin erməni xalqı deyildimi?
Erməni xalqı Paşinyanı ikinci dəfə dəstəklədi, ona görə ki, Azərbaycanla bir daha müharibə və övladlarını ölümə göndərmək istəmir. Ermənistan üçün yeni müharibənin nəticəsi də eyni olacaq. Amma İşxan Saqatelyan və tərəfdarları Paşinyandan sonra hakimiyyətə gələcəklərinə inanırlarsa və bu halda Rusiya prezidentinin vasitəçiliyi ilə 10 noyabr və 11 yanvar bəyanatlarını tanımayacaqlarını bildirirlərsə, bu heç nəyi dəyişməyəcək, Azərbaycan bir daha Ermənistanı təslim olmağa məcbur edəcək.
“Milli Mühafizəkarlar Hərəkatı” adlı digər erməni partiyası da ardıcıl olaraq bəyanat yayaraq, sərhədləri qorumaq üçün tədbirlər görməyəcəkləri təqdirdə kütləvi itaətsizlik hərəkatına başlamaq niyyətləri ilə əlaqədar rəsmilərə xəbərdarlıq edir. Partiya qeyd edib ki, Ermənistan silahlı qüvvələri “düşmənin təxribatı”na layiqincə cavab verməli, onu əvvəlki mövqelərinə qaytarmalı və fasiləsiz hərəkəti bərpa etməlidir.
Yenə şüarlar. Yalançı erməni vətənpərvərlər, nəhayət, başa düşürsünüz ki, Ermənistan ordusu Azərbaycanın suverenliyinə daxil olan və hətta Ermənistan hökuməti tərəfindən də tanınan həmin ərazilərdəki Azərbaycan sərhədçilərinə qarşı hücum olsa, bu yeni hərbi əməliyyatların başlanması demək olacaq.
Azərbaycan və azərbaycanlılar yeni müharibəyə Ermənistanla ermənilərdən daha çox hazırdır. İkinci müharibə nəticəsində qonşu ölkə aydın başa düşdü ki, biz də bu müharibəyə hazırlıqlı idik. Biz bölgədə sülh və sabitlik istəyirik, amma Azərbaycanın maraqlarının heç sayılması hesabına yox. Son bir ildə Ermənistan da bunu anlamalı idi. Ancaq qonşu dövlət ölkəmizin ərazi bütövlüyü və sərhədlərimizi tanımaqda, eləcə də sülh müqaviləsi imzalamaqda tərəddüd edirsə, toqquşmalardan qaçmaq mümkün olmayacaq. Ermənistan belə bir ssenariyə hazırdırmı?”.