Paşinyan nə istəyir: “Dəmir yumruq”, yoxsa siyasi dividend?

 

Deputat: “Əgər yenidən müharibə istəyirlərsə, bunu açıq şəkildə dilə gətirsinlər”

Politoloq: “Rusiya və Qərbin Ermənistanı silahlandırması çox ciddi təhlükədir”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə son çıxışı zamanı rəsmi İrəvanın Qarabağ üzrə konstruktiv danışıqlara hazır olduğunu deyib. Bildirib ki, Ermənistan hökuməti danışıqlar prosesinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində aparılmasını vacib hesab edir.

Baş nazir iddia edib ki, 10 noyabr və 11 yanvar sazişlərdə, yaxud digər danışıqlarda heç bir dəhliz, koridor söhbəti olmayıb: “Regional kommunikasiyaların açılması Ermənistan üçün riskli olsa da, vacibdir. Ancaq bu məsələ Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyi hesabına olmamalıdır”.

 

Paşinyanın sözlərinə görə, regional kommunikasiya dedikdə Ermənistanın Azərbaycan əraziləri vasitəsilə İran və Rusiya ilə ticarət əlaqəsi, Azərbaycanın isə qərb rayonları ilə əlaqəsi nəzərdə tutulur: “Azərbaycan tərəfi dəhliz məsələsində provokasiya edir”.

Ermənistan hökumət başçısının “razılaşmalarda heç bir dəhlizdən söhbət getmir” bəyanatı, daha doğrusu, dəhlizlə bağlı ikibaşlı mövqeyi nədən qaynaqlanır? İrəvanın məqsədi nədir? Bu rejimlə kommunikasiyaların açılması qısa zamanda mümkün olacaqmı?

Milli Məclisin üzvü Ceyhun Məmmədov deyib ki, Paşinyanın ziddiyyətli açıqlamaları xarakterik hal alıb: “İlk dəfə deyil ki, bu, baş verir. Onun əksər açıqlamaları adəti üzrə bir-birini təkzib edir. Bütün bunlar Paşinyanın qeyri-ciddi siyasətçi olduğunu göstərməklə yanaşı, həm də müstəqil siyasət yürütmək iqtidarında olmadığını nümayiş etdirir. Əslində 10 noyabr bəyanatında və ondan sonra verilən açıqlamalarda bu məsələlərə geniş toxunulub. Ortada ziddiyyətli məqamlar da yoxdur. Lakin seçkilərdən sonra Paşinyan fərqli mövqe ortaya qoymağa başlayıb və bunun da öz növbəsində müxtəlif səbəbləri var”.

 

“Azərbaycan tərəfinin konkret mövqeyi məlumdur. Lakin bunun qarşılığında Ermənistan iqtidarı ortaya vahid mövqe qoya bilmir. Görünən odur ki, Ermənistan prosesi uzatmaqla, müxtəlif təxribatçı hərəkətlərə yol verməklə, beynəlxalq dairələrin diqqətini cəlb etməyə çalışmaqla hiyləgər və məqsədyönlü siyasət yürütməyə çalışır”, – deyə deputat bildirib.

Onun fikrincə, Paşinyan sifarişli siyasət yürüdür və aldığı təlimatlar üzrə hərəkət edir: “Heç şübhəsiz ki, Ermənistan hər zaman hansısa kənar dövlətlərin forpostu rolunda çıxış edib. Bu forpost rolu Ermənistanın boyuna biçilib və onlar heç bir halda bundan imtina edə bilmirlər. Əslində isə bu ölkənin gələcəyi tələb edir ki, onlar bu siyasətdən imtina etsinlər, müstəqil xarici siyasət yürütsünlər. Necə ki, bunu Azərbaycan edir. Əgər onlar bölgəyə sülhün gəlməsindən, region əhalisinin birgəyaşayışından bəhs edirlərsə, ilk növbədə özləri maraqlı olmalıdırlar ki, kommunikasiya xətləri açılsın. Təəssüf ki, Paşinyan öz sələflərinin yolu ilə gedir. Bu yol isə özünü və ölkəsini məhvə sürükləyir”.

Məmmədov vurğulayıb ki, erməni Baş nazir öz mövqeyini aydın şəkildə ortaya qoymalıdır: “Əgər yenidən müharibə istəyirlərsə, bunu açıq şəkildə dilə gətirsinlər. “Dəmir yumruq” yerindədir və bu dəfə də başlarına dəysə, zərbədən ayıla bilməyəcəklər. Hesab edirəm ki, Paşinyan rejimi bunu anlamalıdır. Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasında maraqlı olmayana qədər Ermənistanın gələcəyi yoxdur”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”

Politoloq Əhəd Məmmədli mövzuya dair şərhində qeyd edib ki, 10 noyabr bəyanatından sonra Ermənistan silahlı qüvvələri ərazini tərk etməli idi: “Bu, bəyanatda açıq şəkildə göstərilirdi. Görünən odur ki, 10 noyabr üçtərəfli bəyanatının müddəaları pozulur və imza atdıqları sənədə istədikləri kimi korrektələr edirlər. Eyni zamanda, dəhliz məsələsində də bu siyasəti həyata keçirirlər. Halbuki, Zəngəzur dəhlizi ilə bağlı müddəa xüsusi olaraq bəyanata salınmışdı. Prezident İlham Əliyev bəyan etmişdi ki, bu bəndi bəyanata salmaq üçün xüsusi səy göstərib”.

Politoloq hesab edir ki, bəyanatda nəzərdə tutulan müddəaların həyata keçməsində Azərbaycan tərəfi xüsusi prinsipiallıq nümayiş etdirməlidir: “Təbii ki, üçtərəfli bəyanatın tərəflərindən biri də Rusiyadır. Bu amili unutmaq və görməzdən gəlmək olmaz. Əslində, bəyanatın bəndlərinin pozulması, müəyyən yayınmalar gözlənilən idi. Bu gün biz siyasi təzyiqləri artırmalı və erməniləri fakt qarşısında qoymalıyıq. Yox, əgər onlar siyasi ritorikanı qəbul etməsələr, o zaman hərbi gücdən istifadə qaçılmazdır. Zəngəzurun özündə erməniləri sülhə məcbur etmək üçün antiterror əməliyyatları həyata keçirmək lazımdır”.

“Son dövlərdə həm Rusiyanın, həm də Qərbin Ermənistanı silahlandırması çox ciddi təhlükədir. Açıq şəkildə bəyan edirlər ki, onlar status-kvonun əldə olunmasına çalışırlar. Əgər biz yaxın 2-3 il ərzində Ermənistanın yenidən ayağa durmasını istəmiriksə, qısa müddətdə bu “ilanın” başını əzməliyik”, – deyə Məmmədli fikrini yekunlaşdırıb./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password