Talibanı idarə edən 6 adam: Onlar kimlərdir?

 

İyirmi altı nəfərlik qərarverici Liderlər Şurası fəaliyyət göstərsə də, beynəlxalq ictimaiyyətin yaxından izlədiyi Taliban rəhbərliyində 6 nəfər önə çıxır.

Talibanda 26 nəfərlik Liderlər Şurasından əlavə Nazirlər Şurası kimi müxtəlif qurumlar da var.

Taliban qurucusu və uzun illər hərəkata rəhbərlik etmiş Molla Ömərin ölümündən sonra hərəkatın 6 nəfər tərəfindən idarə olunduğu deyilir.

Molla Heybətullah Axundzadə

Molla Heybətullah Axundzadə 2016-cı il mayın 25-də əvvəlki Taliban lideri Molla Əxtar Məhəmməd Mansurun ABŞ tərəfindən öldürülməsindən sonra Taliban liderləri sırasına daxil edilib.

1980-ci illərdə sovet işğalına qarşı mübarizə aparan qruplara qoşulan 60 yaşlı Axundzadə Molla Mansurun köməkçisi olub. Axundzadənin 2016-cı ilin may ayında yoxa çıxana qədər 15 il Pakistanın Əfqanıstan sərhədi yaxınlığındakı bir kənddə dini mühazirələr və moizələr söylədiyi bildirilir. Hazırda Talibanın ən nüfuzlu lideri kimi tanınan Axundzadənin harada olduğu məlum deyil.

2020-ci ildə “American Foreign Policy” nəşri Axundzadənin koronavirusdan öldüyünü iddia edib. Bu iddia Taliban tərəfindən təkzib olunub.

Axundzadənin Taliban tərəfindən yayımlanan yalnız bir məşhur fotoşəkili var. Taliban lideri əvvəllər sözügedən hərəkatın məhkəmə sisteminin baş hakimi vəzifəsii tutub.

Molla Əbdülqani Bəradər

1968-ci ildə Uruzqan əyalətində anadan olan Bəradər ABŞ-ın işğalından sonra Əfqanıstan prezidenti olmuş Həmid Karzai ilə eyni qəbilədəndir. İşğaldan sonra NATO qüvvələrinə qarşı başlayan partizan müharibəsində ciddi fiqur olan Bəradər Talibanın mərhum lideri Molla Ömərin ən etibarlı adamlarından biri sayılır.

Onun Molla Ömərin bacısı ilə evli olduğu və Ömərin ona “qardaş” mənasını verən “Bəradər” titulunu verdiyi iddia olunur. Talibanın dörd qurucusundan biri olan Bəradər hərəkat lideri Axundzadənin müavini olaraq xidmətini davam etdirir və eyni zamanda hərəkatın siyasi qanadının ən yüksək icraçılarından biridir.

2010-cu ildə Pakistanın cənubundakı Kəraçi şəhərində təhlükəsizlik qüvvələri tərəfindən əsir götürülən Bəradər ABŞ-la davam edən sülh danışıqlarına töhfə verəcəyini düşünərək, Amerikanın keçmiş prezidenti Donald Trampın xahişi ilə 2018 -ci ildə sərbəst buraxılıb. O, son illərdə Talibanın diplomatik və hərbi siyasətindəki təsirli rolu ilə beynəlxalq ictimaiyyət tərəfindən adı tez-tez eşidilən Taliban lideridir.

2019-cu ilin yanvar ayından etibarən Talibanın Dohadakı siyasi ofisinin rəhbəri olan Bəradər ABŞ-Taliban sülh razılaşması çərçivəsində ötən il Trampla telefonla danışaraq ABŞ prezidenti ilə görüşən ilk Taliban lideri olub. Bundan əlavə, ötən ilin sentyabrında ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo ilə Qətərdə görüşən Bəradər Çin, Rusiya və İranla da diplomatik əlaqələr qurmuşdu.

O, Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkəsinə qayıdıb.

Molla Əbdül Hakim

Talibanın müzakirə heyətinin rəhbəri Əbdül Hakimin Axundzadənin ən etibarlı adamlarından biri olduğu deyilir. Əbdül Hakim 2014-cü ildə ABŞ-ın Quantanamo həbsxanasından əsir mübadiləsi çərçivəsində sərbəst buraxılıb.

Müzakirə heyətinin rəhbəri təyin edilməzdən əvvəl Talibanın məhkəmə sisteminin baş hakimi olub. Bu vəzifəyə təyin olunana qədər tanınmayıb. Pakistanın Əfqanıstanla sərhədinə yaxın olan Kvetta şəhərindəki mədrəsələrdə dərs deyən Hakim Taliban üzvləri arasında böyük hörmətə malik şəxsdir.

Şer Məhəmməd Abbas Stanixzay

Stanixzay 2001-ci ildə Taliban devrilməzdən əvvəl hökumətdə keçmiş nazir müavini olub. Təxminən 10 ildir Dohada yaşayan Stanixzay 2015 -ci ildə Talibanın Dohadakı siyasi ofisinin rəhbəri postunu tutub.

Əfqanıstan hökuməti ilə danışıqlarda iştirak edən Stanixzay Talibanın bəzi ölkələrə səfərlərində də iştirak edib. O, əvvəlcə Talibanın müzakirə heyətinin rəhbəri təyin edilib. Amma danışıqların başlamasına bir neçə gün qalmış Taliban rəhbərliyi onu Molla Əbdül Hakimin müavini təyin edib.

Molla Məhəmməd Yaqub

Talibanın qurucusu Molla Ömərin oğlu Molla Yaqub hərəkatın Əfqanıstandakı hərbi əməliyyatlarına rəhbərlik edir. Keçmiş Taliban lideri Molla Mansurun ölümündən sonra ona Taliban rəhbərliyinin təklif edildiyini, amma gənc yaşda olması və hərbi təcrübəsinin olmaması səbəbindən imtina etdiyini bildirirlər.

31 yaşlı Molla Məhəmməd Yaqub da atasının ölümündən əvvəl çox az tanınırdı. Molla Əxtar Məhəmməd Mansurun Taliban lideri seçilməsi ilə Molla Ömərin ailəsi ilə Taliban arasında problem yaranıb. Bundan sonra Molla Ömərin oğlu Molla Yaqub və qardaşı Molla Əbdül Mennan Talibanda mühüm vəzifələrə gətirilib. Bununla liderlik gərginliyinin həll olunduğu bildirilib .Yaqub eyni zamanda Taliban liderinin müavinidir.

Siracəddin Həqqani

Siracəddin Hakkani Əfqanıstanın sovet işğalı zamanı ABŞ tərəfindən dəstəklənən üsyançı Həqqani qruplaşmasının qurucusu Cəlaləddin Həqqaninin oğludur. O, atasının qurduğu qruplaşmanın hazırkı lideridir. 1995-ci ildə Talibana qoşulan Həqqani qruplaşması taliblərin Pakistan-Əfqanıstan sərhədi boyunca iqtisadi və hərbi obyektlərini idarə edir. Həqqani qruplaşması kamikadzelərin hazırlanmasında və Əfqanıstandakı bəzi terror aktlarında ittiham olunur.

2008-ci ildə Kabilin lüks otellərindən birinə edilən basqın və Əfqanıstanın o zamankı prezidenti Həmid Kərzayiyə sui-qəsd cəhdi, habelə Hindistanın Kabildəki səfirliyinin bombardman edilməsi bu ittihamlardan biridir.

Həqqaninin 45-50 yaşlarında olduğu bildirilsə də, harada məskunlaşdığı bilinmir. ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) onun həbsinə səbəb olacaq məlumat verən hər kəsə 5 milyon dollara qədər mükafat təqdim edəcəyini açıqlayıb. Həqqaninin “qlobal terrorçu” adlandıran FBI onun Pakistanın Şimali Vəziristan bölgəsində olduğunu təxmin etdiklərini vurğulayıb.

Siracəddin Həqqani eyni zamanda Taliban lideri Axundzadənin müavinidir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password