“ƏDV geri al” və sadələşdirilmiş vergi barədə sadə həqiqətlər

 

Elmir Səfərli: “Buna nəzarət etmək üçün hər kəs kassa çeki tələb etməlidir”

Eldəniz Əmirov: “Sahibkar ümumi vergidən yayınmaq üçün ƏDV-li çek verməkdən, POS-terminal işlətməkdən boyun qaçırır”

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və ictimai iaşə obyektlərindən alınmış mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasına başlanılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilib ki, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin 2-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilərə 95 milyon manat ƏDV məbləği geri qaytarılıb.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir.

Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin avqust ayında yaydığı məlumata əsasən, aktiv ƏDV ödəyicilərinin sayı 10,6 % artıb. Lakin buna baxmayaraq, hələ də müştərilərə ƏDV çeki verməyən mağaza və xidmət sahələri var.

İqtisadçı ekspert Elmir Səfərli deyib ki, ƏDV çeki verməyən mağazalar sadələşdirilmiş vergi ilə çalışır: “Yəni onlarda ƏDV olmadığına görə ƏDV çeki vermək imkanları da yoxdur. Əgər, ümumiyyətlə, hansısa mağaza çek verirsə və orada ƏDV çeki yoxdursa, bu, o deməkdir ki, Nazirlik və Vergi Xidməti tərəfindən görünür. Sadəcə mağazanın illik dövriyyəsi ƏDV limitinə düşmədiyinə görə onlar sadələşdirilmiş vergi verirlər”.

 

“Bəzi hallarda insanlara bu, qəribə görünür. Onlar elə düşünürlər ki, bütün mağazalar ƏDV ilə çalışmalıdır. Əslində isə belə deyil. Bu, dövriyyədən asılıdır. Bu halda mağazadan ƏDV çeki tələb etmək doğru deyil”, – deyə ekspert bildirib.

 

İnsanların bunu dəqiqləşdirmələrinə qaldıqda, Səfərlinin sözlərinə görə, kassa çeki tələb edilməlidir: “Mağazaların dövriyyəsinə uyğun olaraq vergi xidməti tərəfindən kassa aparatları qoyulur. Əgər ƏDV verilirsə, ƏDV çeki çıxarılacaq, yox verilmirsə, sadələşdirilmiş vergi çeki çıxacaq. Buna görə hər kəs kassa çeki tələb etməlidir”.

“Qeyd edək ki, bir sıra fəaliyyət sahələri ƏDV-dən azaddır və yaxud da ƏDV-nin geri qaytarılması mümkün deyil. Ona görə bütün bu məqamlara diqqət etmək lazımdır”, – deyə həmsöhbətimiz vurğulayb.

Eldəniz Əmirov: “Yaya doğru qiymətlərdə yenə dalğalanmalar ola bilər”

İqtisadçı ekspert Eldəniz Əmirov mövzuya dair şərhində qeyd edib ki, ƏDV-nin geri qaytarılması sahibkarlar və mağazalar üzrə deyil, məhsullar və xidmətlər üzrədir: “Yəni müəyyən məhsullar, xidmətlərin qiyməti üzərinə müəyyən ƏDV faizi gələrək müştəriyə təqdim olunur. Müştəri ödənişi ƏDV ilə birlikdə ödəyir. Sadəcə bu proses zamanı ƏDV-nin faizi geri qayıdır. Bu, nağd alış-veriş zamanı 10%, kartla ödənişdə isə 15%-dir”.

Mütəxəssisin dediyinə görə, ƏDV faizinin bir qisminin geri qaytarılması iqtisadiyyatın “ağardılması” üçün atılmış həvəsləndirici addımdır: “Bunun məqsədi insanları çek tələb etməyə təşviq etmək üçündur. İnsanların çek tələb etməkdə maraqlı olması iqtisadiyyatın “ağardılması”dır. Nağd ödənişdə 10%, nağdsız ödənişlərdə isə 15% ƏDV faizinin geri qayıtması da nağdsız ödənişlərdə stimul yaratmaq üçündür”.

 

“ƏDV faizinin geri qaytarılması üçün yeni nəsil kassa aparatları lazımdır. Yəni müştəriyə təqdim edilən çekdə ID kod olmalıdır. Hazırda ölkə üzrə 43 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb”, – deyə iqtisadçı söyləyib.

Çek təqdim etməyən mağaza və digər xidmət sahələrinə qaldıqda isə Əmirov bunun səbəblərini belə açıqlayıb: “Bəzi mağazalar, ümumiyyətlə, çek verməkdən yayınır. Çek verməmək də onların bu və ya digər formada vergidən yayınmaq, gəlirlərini gizlətmək məqsədi daşıyır. Bəzi böyük mağazalarda da çek verilmir. Məsələn, “Sədərək”də çek vermirlər, çünki orada olan məhsulların qiyməti hansısa brend mağazada satılan qiymətdən elə ƏDV faizi qədər aşağıdır. Brend mağazada bu faiz məhsulun qiymətinə əlavə edilərək satılır”.

“Vətəndaşın geri aldığı ƏDV faizi sahibkarın çiyinləri üzərinə düşmür, bu, dövlətdə yığılan vergi vəsaiti hesabına geri qaytarılır. Yəni sahibkar ümumi vergidən yayınmaq üçün ƏDV-li çek verməkdən, POS-terminal işlətməkdən boyun qaçırır. Bəzi hallarda çeki özlərində saxlayırlar. Məsələn, satıcı gün ərzində 20 nəfərdən çek saxlasa, alıcını yola saldıqdan sonra yeni nəsil kassa aparatında vursa, ay sonunda bir satıcı tərəfindən kifayət qədər məbləğ toplanmış olacaq. Yəni satıcıların alıcıları aldatması daha çox bu çeklərin verilməməsi və yaxud da kassa apratının təşkil edilməməsi, aparat olduğu halda ondan istifadənin gizlədilməsi formasında olur”, – deyə müsahibimiz fikrini tamamlayıb./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password