Vüqar Səfərlinin məhkəməsində ittiham aktı elan olunub: 18,5 milyonluq mənimsəmə edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttiham aktına əsasən, fondun sabiq icraçı direktoru Vüqar Səfərli müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəyib.
İttiham aktına görə, V.Səfərli baş mühasibi Təhminə Yaqubova ilə cinayətkar əlaqəyə girərək, Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2013 və 2017-ci illərdə Səbail rayonunda inşa edilmiş 2 binanın tikintisi üçün Prezidentin ehtiyat fondundan ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin etməyib.
Törədilən saxtakarlıqlar nəticəsində cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr yaranıb.
Prokuror Vüqar Səfərli və digərlərinin Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə mühakimə olunmasını istəyib.
Vəkillərdən biri məhkəmədə şahid qismində dindirilməsi üçün Azərbaycan Respublikası Prezident Administrasiyasının keçmiş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun, onun oğlu Şamxal Həsənlinin və baldızı Gülər Vəliyevanın işə cəlb olunması ilə bağlı vəsatət verib.
Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.
Daha sonra dövlət ittihamçısı təklif edib ki, məhkəmə istintaqı təqsirləndirilən şəxslərin dindirilməsi ilə başlasın.
Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini və ifadə vermək üçün hələ hazır olmadıqlarını deyiblər.
Hakim növbəti prosesi sentyabrın 3-ə təyin edib.
Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.
O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.