Siyasət dünyasını iflic edən sirli xəstəlik… – Rusiya yeni ittiham qarşısında

 

Almaniyanın paytaxtı Berlindəki vəzifəli amerikalılarda həyəcanverici simptomlar təsbit edildikdən sonra ABŞ hərəkətə keçib.

Almaniyada xidmət edən ən az iki ABŞ rəsmisində “Havana sindromu” adlandırılan xəstəliyə rast gəlindiyi bildirilib.

Simptomlar arasında ürəkbulanma, şiddətli baş ağrısı, qulaq ağrısı, yorğunluq, yuxusuzluq və yuxuya meyllilik var. Son aylarbu sindroma tutulan bəzi diplomatların iş qabiliyyətlərini itirdikləri iddia edilib.

Xəstəlik barədə ilk dəfə 2016-cı ilin sonunda Kubada yerləşən ABŞ Dövlət Departamentinin işçiləri bildiriblər. O vaxtdan bəri dünyanın bir çox ölkəsindəki diplomatlar və kəşfiyyatçılar oxşar problemlərlə üzləşdiklərindən şikayətləniblər.

Bəziləri simptomların Rusiyadan yönəldilmiş radio tezliyi hücumlarının nəticəsi olduğunu iddia edirlər.

“British Express” qəzetinin yazdığına görə, son olaylarda yoluxanların energetika, kibertəhlükəsizlik və siyasi müdaxilələr kimi Rusiya ilə əlaqəli məsələlər üzərində işləyənlər olduğu bildirilib.

ABŞ Dövlət katibi Entoni Blinken iyun ayında xəstəliklərə kimin və ya nəyin səbəb olması ilə bağlı geniş araşdırma aparıldığını açıqlayıb. Bu açıqlama Vyanada 20-dən çox ABŞ diplomatının sirli xəstəliyə tutulması xəbərinin gəlməsindən sonra verilib.

Bu ayın əvvəlində ABŞ Prezidenti Co Baydenə mikrodalğalı hücumların Rusiya agentləri tərəfindən başladılması haqda hesabat təqdim edilib. Bayden hadisələri şərh etməsə də, Milli Təhlükəsizlik Şurası təcili araşdırmaya başlayıb.

Bir ABŞ rəsmisi “Nyu-York Tayms” qəzetinə verdiyi açıqlamada deyib: “Bunun gizli hücum vasitəsinə çevrilmiş casusluq cəhdləri olaraq başlaması mümkündür. Amma məsələnin ən pis tərəfi hələ də qəti bir nəticənin olmamasıdır. Prezident kiberhücumlarda olduğu kimi, bu məsələdə də rusları günahlandıra bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password