ABŞ-da 8 ay sonra 3-cü doza vurulacaq – İsrail vaksinasiyada yenə qabağa düşdü

 

Bayden administrasiyası amerikalıların çoxuna vaksinasiya tamamlanandan 8 ay sonra gücləndirici (buster) 3-cü dozanın vurulacağını açıqlayacaq.

“The New York Times” və “Washington Post” qəzetlərinin avqustun 16-da müzakirələrdən xəbərdar rəsmilərə istinadla yazdığına görə, açıqlama bu həftə verilə bilər. Məlumatlarda deyilir ki, səhiyyə rəsmiləri yüksək yoluxucu “Delta” ştammına görə buster dozanın vacibliyi qənaətinə gəliblər. Üstəlik, zaman keçdikcə vaksinin effektinin azalmasına da dəlil artır. İlk busterlər qocalar evlərinin sakinlərinə, tibb işçilərinə, daha sonra yaşlılara vurulacaq. Dozaların sentyabrın əvvəlindən vurulmağa başlanacağı deyilir.

Ötən həftə ABŞ-ın dərman tənzimləyicisi immun sistemi zəif olanlar üçün buster dozanı təsdiqləyib. “Delta” ştammı Birləşmiş Ştatlarda yoluxmalarda kəskin artıma səbəb olur, baxmayaraq ki, ölkədə yaşı 12 və yuxarı olanların 60 faizə yaxını tam vaksinasiya edilib.

Yoluxmaların çoxunun peyvənd olunmayanlar arasında baş verdiyi bildirilsə də, kəskin yoluxma halları çoxalır. Amma yenə də ağır yoluxmaların və ölümlərin çoxunun peyvənd etdirməyənləri əhatələdiyi vurğulanır. Bu da vaksinlərin virusun ağır ştammına qarşı təsirini göstərir. Administrasiya əhalinin bir qismini peyvənd olunmağa inandırmağa çalışır. Vaksinin effektinin azalması, üçüncü dozanın vacibliyi isə bu işi daha da çətinləşdirə bilər.

ABŞ-ın qərarına İsraildən gələn narahatedici data da təsirini göstərib. Bu ölkədə hələ iki həftə öncədən yaşlı əhaliyə buster dozaları vurmağa başlayıblar. İsrail ilin əvvəlində vaksinasiya üzrə dünyada öncül mövqeyə çıxmışdı, bu ölkədə “Pfizer-BioNTech” vaksinindən istifadə olunub. Amma son həftələr “Delta” ştammı COVID-19-a yoluxmaları çoxaldıb.

Ölkədə aparılmış son araşdırma “Pfizer-BioNTech”-in yanvarda tam peyvəndlənmiş yaşlılarda xəstəliyin ağırlaşması və hospitalizasiyaya qarşı cəmi 55 faiz effekt göstərdiyini üzə çıxarıb.

Birləşmiş Ştatlarda Mayo Klinikasında araşdırma da administrasiyasının diqqətini çəkib. Araşdırmaya görə, “Moderna” vaksini yoluxmaya qarşı 73, “Pfizer-BioNTech” isə 42 faiz effektli olub.

Amma araşdırma vaksinlərin yoluxmaların ağırlaşması və ölümə qarşı hələ də yaxşı qoruduğunu göstərib. Dünya Səhiyyə Təşkilatının mövqeyinə görə, zəngin ölkələr öz əhalisinə üçüncü doza vurmaqdansa vaksinləri hələ peyvənd olunmayan yoxsul ölkələrə göndərsələr, daha yaxşı olar./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password