Zəngəzur dəhlizi təkcə iqtisadi-ticarət yolu deyil…
“Zəngəzur dəhlizinin iqtisadi tərəfi ilə yanaşı siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycan prezidenti “CNN Türk” telekanalına son müsahibəsi zamanı bir daha bu dəhlizin açılmasının vacibliyinə xüsusi vurğu edib. Qeyd edilib ki, dəhlizin açılması bütün region ölkələrinin marağındadır. Yəni bu, Azərbaycan, Rusiya, Türkiyə, İran və o cümlədən Ermənistanın marağındadır. Sözsüz ki, dəhlizin açılması Azərbaycanın Naxçıvan və sonrakı mərhələdə Türkiyə ilə quru əlaqələrinin yaranmasına səbəb olacaq”.
Bu fikirləri reyting.az-a siyasi analitik Oqtay Qasımov deyib.
O. Qasımov bildirib ki, Zəngəzur dəhlizi eyni zamanda Rusiyadan yüklərin İrana, Ermənistana, habelə İran üzərindən Cənub-Şərqi Asiya ölkələrinə daşınması imkanlarını genişləndirəcək: “Hələ SSRİ zamanı Culfadan dəmiryolu vasitəsilə Moskva-Tehran qatarı işləyirdi. Habelə Hörmüz istiqamətində bir neçə İran limanının Rusiya tərəfindən işlədilməsinə dair Moskva və Tehran arasında danışıqlar olub. Rusiya bu limanlar üzərindən yüklərinin daşınmasını həll etməlidir. Bir sözlə, Zəngəzur dəhlizinin əhəmiyyəti çox böyükdür”.
Analitik əlavə edib ki, birinci mərhələdə söhbət Zəngəzur dəhlizinin iqtisadi-ticari əlaqəsindən gedirsə, ikinci mərhələ siyasi əhəmiyyətilə bağlı ola bilər: “Region ölkələri bu dəhlizdən istifadə etməklə gəlir götürəcəklər. Bu, məsələnin iqtisadi tərəfidir.
Ancaq nəzərə alınmalıdır ki, bu təkcə region ölkələri üçün deyil, Çini Avropaya bağlayacaq ən qısa və effektiv yol olacaq. Çinin “Bir kəmər, bir yol” layihəsi həm də Zəngəzur dəhlizi üzərində qurulur. Yəni burada siyasi, geopolitik və strateji əhəmiyyət də var.
Bizə görə dəhliz ilk növbədə Azərbaycan və Naxçıvan arasında quru əlaqənin yaradılması, habelə Türkiyə ilə Orta Asiya regionu arasında əlaqələrin genişlənməsinə xidmət edir. Bu yol vasitəsilə həm də İranın Gürcüstana və Qara dənizə rahat çıxışı yarana bilər”.
O. Qasımovun sözlərinə görə, diqqətlə baxdıqda görürük ki, bu işlərin hamısı Azərbaycan, o cümlədən Naxçıvan ərazisindən keçib getməlidir: “İran və Rusiyanın Ermənistana birbaşa, daha sürətli və böyük həcmli çıxışı -daşımaları Azərbaycan üzərindən həyata keçirilə bilər. Bu mənada Azərbaycan dəhliz məsələsində kilid ölkədir”.
O. Qasımov sonda deyib ki, Zəngəzur dəhlizinin açılması üçün Ermənistan ərazisindən keçəcək 40 kilometrlik məsafə ilə bağlı Rusiyanın mövqeyi qətiləşməlidir. Çünki burada qəti qərarı Ermənistandan daha çox Rusiya verməlidir.