UEFA “Qarabağ”a görə AEL-i cəzalandırdı – RƏSMİ
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Kiprdəki oyunda azarkeşlərin davranışına görə AEL-i cəzalandırıb.
UEFA-nın Nəzarət, Etika və İntizam Qurumu Kipr klubunu 2 maddəyə görə cərimələyib. Meydana yad əşyaların atılmasına görə AEL 2250 avro cərimə olunub. Oyunun sonlarında baş vermiş kütləvi iğtişaşa görə isə Limassol təmsilçisi 5000 ziyana düşüb.
Ümumilikdə, 7250 avro məbləğində cərimənin 90 gün ərzində UEFA-ya ödənilməli olması barədə tələb qərarda əksini tapıb.
Qeyd edək ki, Kiprdə baş tutan oyun zamanı AEL fanatları “Qarabağ”a qarşı qeyri-etik hərəkətlərə yol vermişdilər. Təmsilçimizin bərabərlik qolundan sonra rəqib komandanın fanatları “Qarabağ”ın tribunasının arxasına keçərək təxribatçı şüarlar səsləndirmiş, bu hərəkətə son qoymadıqları üçün oyun referi tərəfindən dayandırılmışdı./fanat.az