Ermənilər səngər qazır: Monitorinq Mərkəzi nəyin nəzarətini aparır?
Qarabağdakı ermənilərin Muxtar və Şuşakənd arasındakı yeni döyüş mövqeləri inşa etmələri barədə “Telegram” kanallarında məlumatlar daha əvvəl də yerləşdirilib. Hazırda isə Xocavənd-Xankəndi yolu boyunca, habelə Şuşanın yaxınlığında ermənilərin artıq 8 yeni mövqeyi var.
Ermənilər Xocavənd şəhəri ətrafında, Nərgizqala və Gülmantəpə yüksəkliklərində, habelə Əmiranlı, Muğanlı kəndlərində və Yuxarı Veysəlli kəndi ilə üzbəüz məkanda mövqelərinin inşasını başa vurublar.
Bu informasiya avqustun 11-də yayılıb. Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin nə düşündüklərini soruşduq. Çünki onun özü də mövzu ilə bağlı “Facebook” hesabında paylaşım edib.
Ekspert saytımıza açıqlamasında bu xəbərlərin yeni olmadığını bildirdi:
“Mən bu barədə ilk statusumu təxminən mart ayında yazmışam. Şəxsi müşahidələrim nəticəsində status paylaşmışdım ki, sülhməramlıların nəzarət etdiyi ərazilərdə onların patrul xidmətini həyata keçirdiyi yoldan 30 metr kənarda erməni silahlıları səngər qazır. Və bu, Xocavənd ilə Ağdam rayonunun Mərzili kəndinə yaxın olan sərhəddə baş verir. Əfsuslar olsun ki, o zaman yazılan statuslar, məqalə və analizlər bəzən aidiyyatı qurumlar tərəfindən diqqətlə təhlil edilmir, yaxud bunu müşahidə edən müvafiq strukturlar vaxtında səsini çıxarmır, sonradan isə iş-işdən keçir. Bu müdafiə mövqelərinin sayı artır və vəziyyət gərginləşir, daşınmalar haqqında məlumatlar meydana çıxır. Ondan sonra başlayırıq hamıya qarşı notalar səsləndirməyə.
Halbuki efirdən, çıxışlar, müsahibələrimdə dəfələrlə demişəm ki, Ermənistan Laçın dəhlizi vasitəsilə, rusların gözü qarşısında Qarabağdan silahlıları çıxarmaq əvəzinə, ora silah-sursat daşıyır. Şəxsi heyətin buraxılmasına aid də faktlar var.
Təbii ki, xoşagələn bir hal deyil, bütün bunlara görə xalq, dövlət və millət olaraq ordunun ətrafında birləşib bu təhdidlərin aradan qaldırılması üçün kifayət qədər ciddi və effektiv bir fəaliyyət aparmalıyıq. Biz aidiyyatı qurumlar, o cümlədən Rusiya Müdafiə Nazirliyindən, sülhməramlı kontingentdən və Monitorinq Mərkəzindən bu barədə hesabatlarını ortaya qoymağa, ağlabatan açıqlamalarını tələb etməliyik.
İran tərəfinə gəldikdə isə bu daşınmalarda onlar da bu işin bir parçası olmaqdan çəkinməli və Azərbaycan ilə olan ortaq dəyərlərimizi gözardı etməməlidir.
Əks halda Azərbaycan da bu fəaliyyətlərin qarşısının alınması üçün kifayət qədər ciddi resurslara malikdir. Biz Laçın dəhlizini də bağlaya bilərik, Gorus-Qafan yolunun da fəaliyyətini dondura bilərik. İran sərhədindən gəlib keçən maşınların da hərəkətinə stop qoymaq üçün yetərincə imkanlarımız var. Hər bir tərəf anlamalıdır ki, Laçın koridoru Azərbaycan ərazisidir və Azərbaycan istədiyi an oranın nəzarətini öz əlinə ala bilər”.