“Elə şirkət var ki,bir ildə 70 tenderdə qalib gəlib gəlib” – – “Uğursuz İT layihələr və onlara xərclənən milyonlar…”

 

“Son bir ildə dövlət sektorunda informasiya texnologiyaları (İT) layihələrinə 100 milyon manatdan çox vəsait xərclənib”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Dövlət qurumlarının son bir ildəki İT xərclərinə nəzər salan ekspert qeyd edib ki, dövlət qurumları çoxsaylı tenderlərdə İKT üçün 100 milyon manatdan çox vəsait xərcləyiblər.

“Müxtəlif proqram təminatlarının, informasiya sistemlərinin, portalların hazırlanması, İKT avadanlıqların alınması, İT infrastrukturun qurulması və dəstəklənməsi və s. istiqamətdə layihələr üstünlük təşkil edib”, – deyə mütəxəssis qeyd edib.

Onun sözlərinə görə, bu layihələrin içərisində uğurlu və uğursuzu, ümumiyyətlə, iflasa uğrayanları var: “Sadəcə onu qeyd edə bilərəm ki, uğursuz İT layihələr əvvəllər daha çox SİNAM, ULTRA, CyberNet və s. şirkətlərlə əlaqəli olub. Uğursuz İT layihələr və onlara xərclənən milyonlarla dövlət resursları başqa bir müzakirənin mövzusudur. Maraqlıdır ki, yuxarıda qeyd olunan bu tenderlərin 90%-ni cəmi bir neçə İT şirkət qazanıb. e-Satınalmada elə İT şirkət tapmaq olar ki, son bir ildə 70 dəfə tenderdə qalib gəlib”.

O.Gündüz vurğulayıb ki, tenderlərdə böyük dövlət sifarişlərini qazanan İT şirkətlər içərisində ASAN-nın dəstəyi ilə yaradılan AZİNNEX konsorsiumuna daxil olan İT şirkətlər xüsusi yer tutur: “AZİNNEX-i ona görə xüsusi vurğulayıram ki, bu cür böyük dövriyyələri olan İT şirkətlərimiz olduğu halda ASAN startaplara dəstək üçün vəsait tapa bilmir, ekosistemə dəstək məqsədilə məcbur olub SOCAR-ı və digər qurumları sposnsor olaraq cəlb edir”.

Osman Gündüzun sözlərinə görə, hazırda İT mühitdə devalvasiyadan öncəki durum yenidən təkrarlanır. Ekspert qeyd edib ki, İT şirkətlərimiz xarici bazarlara çıxmağa, əlavə dəyər formalaşdırmağa, ekosistemə -startaplara və innovasiyalara yatırım etməyə, dayanıqlı mühit formalaşdırmağa zəif diqqət yetirirlər: “İnnovasiyaların ixracı məqsədilə formalaşan AZİNNEX-də təəssüf ki, daxili bazar uğrunda, dövlət sifarişləri uğrunda amansız mübarizədə diqqəti daha çox cəlb edir. Bu quruma daxil olan bəzi İT şirkətlər dövlət hesabına formalaşan layihələr üzrə xidmətlərin rüsumunu əsassız olaraq bir neçə dəfə qaldırıb, digər bir İT şirkət isə özünün adi bir xidməti ilə ən azı 100-dək dövlət qurumunu özündən asılı vəziyyətə salıb. Digər İT şirkətlər nə qədər dirəşsələr də, indiyədək “buzu” sındıra biməyiblər”.

Mütəxəssisin sözlərinə görə, çox az sayda İT şirkətlər var ki, (məsələn, BestComp, RİSK) son illərdə xarici bazarda da uğur qazanmağa başlayıb. Maraqlıdır ki, BestComp həm də daxildə uğurlu İT layihələri ilə tanınır. Yalnız dövlət sifarişləri üzərində “oturmağın” 5-6 il öncə İT şirkətləri və bütövlükdə sektoru necə acınacaqlı vəziyyətə saldığının şahidi olmuşuq. “O zaman İT şirkətlərin böyük əksəriyyəti böhranla üzləşərək, min bir əziyyətlə yetişdirilən İT kadrları kütləvi olaraq ixtisar etmişdilər. Hansı ki, onların da böyük əksəriyyəti iş tapmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdılar. İT kadrların böyük köçünün təsirləri indiyədək də sektorda hiss olunmaqdadır”.

Osman Gündüz düşünür ki, səlahiyyətli qurumlar və biznes sektoru, ekosistemə cavabdeh olanlar mövcud situasiyanın dəyişilməsinə, İT şirkətlərimizin xarici bazarlara çıxışına, əlavə dəyərlər formalaşdırmasına diqqət yetirməlidir. Onun sözlərinə görə, biznes mühiti inkişaf etdirilməlidir, dövlət satınalmaları təkmilləşdirilməli və şəffaflıq artırılmalıdır.

“İT şirkətlərin rəqabət qabiliyyətini yüksəltmək üçün İKT avadanlıqların gömrük rüsumlarına (ƏDV ilə birlikdə 33%-dək) yenidən baxılmalıdır. Qonşu ölkələrin bir çoxunda bu tip rüsumlar ya sıfırlanıb, yaxud da xeyli endirilib. Odur ki, oxşar İT layihələr bizdə həm baha başa gəlir, həm də bizim İT şirkətlər üçün daha əlverişsiz mühit formalaşmış olur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəqəmsal transformasiya və innovasiyalarla bağlı hazırlanmaqda olan konseptual sənədlərdə bu məqamları nəzərə almalı, ASAN-la birgə İT layihələrin ekspertizası və dəyərləndirilməsi aparılmalıdır”, – deyə ekspert vurğulayıb./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password