Sirr 20 il sonra üzə çıxır: Məxfi sənədlər açılacaq – 11 Sentyabrın təşəbbüskarı…
ABŞ hökuməti 11 Sentyabr terror aktı ilə bağlı gizli saxlanılan sənədlərlə bağlı qurbanların ailələrini məlumatlandıracaq.
ABŞ Ədliyyə Nazirliyi qurbanlarının ailələrinə hücumlar haqda daha çox məlumat verəcəyini açıqlayıb.
11 Sentyabr terror hücumlarının qurbanlarının ailələri ötən həftə Prezident Co Baydenə məktub yazaraq, hücumlarla əlaqədar bəzi sənədlərin gizli saxlanılmasına davam edəcəyi təqdirdə, onun bu il olayların 20-ci ildönümü ilə bağlı anım mərasimlərində iştirak etməməsini istəyiblər.
Ağ Ev hücumlarda Səudiyyə Ərəbistanı hökumətinin rolu ilə bağlı sənədləri gizlətdiyi üçün tənqid edilib.
Yüzlərlə qurbanın ailəsi aktlarda Səudiyyə Ərəbistanının rolu olduğunu iddia edərək səud hökumətini məhkəməyə verib. Səudiyyə Ərəbistanı 11 Sentyabr hücumlarında iştirakını inkar edir.
Bundan sonra açıqlama verən Co Bayden administrasiyasının qanunla tələb olunan maksimum şəffaflıq səviyyəsini təmin etməkdə qərarlı olduğunu deyib. Prezident Ədliyyə Nazirliyinin ABŞ hökuməti tərəfindən əvvəllər gizli saxladığı sənədlərə yenidən baxmaq və onları qurbanların ailələri ilə bölüşmək təşəbbüsünü alqışladığını söyləyib.