Yanğınlar Türkiyəyə nə qədər zərər vurub?
İlkin qiymətləndirmələrə görə, yanğınlar Türkiyə iqtisadiyyatına 300 milyard lirə, yəni 34 milyard 800 milyon dollar ziyan vurub. Daha konkret rəqəm isə yanğınlar tam başa çatdıqdan sonra rəsmi ekspert qiymətləndirmələri nəticəsində bəlli olacaq. Amma bütün hallarda dəymiş ziyanın məbləği böyükdür və bu, Türkiyənin mövcud valyuta ehtiyatlarının yarısından çoxunu təşkil edəcək.
Bu sözləri millət vəkili, iqtisadçı-alimVüqar Bayramov Türkiyədə baş verən yanğınlarla bağlı danışarkən deyib.
“Əslində, pandemiya təsirlərinə baxmayaraq, Türkiyə 2021-ci ilə pozitiv tendensiya ilə başlamışdı. Bu ilin ilk 5 ayının yekunlarında qardaş ölkədə sənaye istehsalı indeksi illik 40,7, aylıq isə 1,3% artmışdı. Ümumi daxili məhsul isə bu ilin birinci yarısında rekord səviyyədə – 7,0% böyümüşdü. Həmin müddətdə informasiya və kommunikasiya sektoru 18,1% artaraq Türkiyə iqtisadiyyatında ən çox böyümə ilə yadda qalmışdı. Aqrar, meşə və balıqçılıq sektorunda 7,5% böyümə qeydə alınmışdı. Bu isə ondan xəbər verirdi ki, 2020-ci ildə iqtisadi artım tempini qoruyub saxlaya bilən Türkiyədə bu ildə də iqtisadi hədəflər kifayət qədər böyük idi”, – millət vəkili bildirib.
V.Bayramov qeyd edib ki, yanğınların neqativ təsirlərinə rəğmən Türkiyənin daha qısa zamanda iqtisadi ziyanları aradan qaldıra biləcəyi gözlənilir. Amma bütün hallarda, qardaş ölkəyə dəyən belə ziyanlar Türkiyənin iqtisadiyyatı üçün uzun müddətli dövrdə də arzuolunan deyil.