Taleh Qaraşov Lənkəranı belə abadlaşdırır – Tenderi udan kim,işi görən kim?

 

Bir neçə aydan sonra Taleh Qaraşovun Lənkəran rayon İcra Hakimiyyətinə başçı təyin edilməsinin 10 ili tamam olacaq. İcra başçısı fəaliyyətinə 1996-cı ildə Kürdəmirdən başlamış Taleh Qaraşov sonra Cəlilabad, daha sonra isə Neftçala və Astara rayonlarına rəhbərlik edib. Kifayət qədər gənc yaşlarından, Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri kürsüsündə otürmuş sözügedən şəxs son 25 ildir ki,ancaq İcra başçısı kreslosunda oturur. Bu müddət ərzində sadaladığımız rayonlarda Taleh Qaraşovun rəhbərliyi ilə nə kimi işlər görülüb, həmin bölgələrin sakinləri daha yaxşı bilərlər. Onu deyə bilərik ki, Kürdəmir, Cəlilabad, Neftçala və Astaradan fərqli olaraq Taleh Qaraşovun Lənkəran rayonuna rəhbərliyi bir çox narazılıqlarla müşayət olunur ki, bu barədə dövrü mətbuatın səhifələrində də kifayət qədər məlumatlara rast gəlmək olar. Əvvəlki illərlə müqayisədə Taleh Qaraşov Lənkəranda gördüyü qanunsuz əməllərini gizlədə,bu kimi yollarla topladığı var-dövlət haqqında yayılan məlumatların qarşısını ala bilmədi.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkənin hər yerində olduğu kimi, Lənkəranda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, rayonun siması tamamilə dəyişib, əvvəlki şöhrətini özünə qaytarıb.” Bu sözləri Taleh Qaraşov 2018-ci ilin yanvarın 29-da Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans zamanı çıxışında bildirib. Daha sonra çıxışında Taleh Qaraşov Lənkəranda yeni iş yerlərinin açılmasından,özəl investisiyanın cəlb olunması istiqamətində görülən işlərdən,o cümlədən iri çəltikçilik təsərrüfatlarının, istehsal və emal müəssisələrinin,sitrus meyvə bağlarının, istixana kompleksinin, turizm, istirahət və əyləncə mərkəzlərinin yaradılmasına başlanıldını, artıq 41,8 milyon manat vəsait xərcləndiyini dövlət başçısının diqqətinə çatdırıb.

Həmin müşavirədən iki ay əvvəl isə Hesablama Palatası 2013-2016-cı illərdə Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən aparılan  işlərin audit yoxlamasının nəticələrini açıqlamışdı. Həmin açıqlamada Lənkəran şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu tikinti obyektləri üzrə ciddi qanun pozuntularına yol verildiyi bildirilirdi. Audit zamanı məktəb binalarının tikintisində inşaat texnologiyasına əməl edilməyərək səmərəsiz xərcə yol verildiyi və satınalma prosedurlarında  “Dövlət satınalmaları haqqında” qanunun müvafiq maddələrinin tələblərinə əməl edilməməsi də aşkar olunmuşdu.

Aktualinfo.org-un əldə etdiyi ən son məlumatlara görə üstündən 4 il keçməsinə baxmayaraq Lənkəran rayon İcra Hakimiyyətində eyni qanun pozuntularına bu gün də yol verilir. Belə ki, İcra Hakimiyyəti tərəfinən abadlıq və tikinti işlərinə ayrılan dövlət vəsaitləri satınalmalarda Taleh Qaraşova yaxınlığı ilə tanınan şirkətlərin vasitəçiliyi ilə təyinatından kənarlaşdırılması halları bu gün də davam edir. İcra Hakimiyyətinin keçirmiş olduğu son bir neçə tender proseduruna diqqət yetirdikdə bunları görməmək mümkün deyil.

Qeyd edək ki, Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən Lənkəran şəhərində avtomobil yollarının təmir işlərinin satın alınması üzrə 791 531.66 manat məbləğində satınalma müqaviləsi 16.07.2021-ci il tarixdə “LƏNKƏRAN YOL TİKİNTİ ”  Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Lənkəran şəhər İcra Hakimiyyəti 2020-ci ildə də avtomobil yollarının təmir işləri üzrə 790 256.08 manat məbləğində satınalma müqaviləsini 23.07.2020-ci il tarixdə “LƏNKƏRAN YOL TİKİNTİ ”  Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Qeyd edək ki,Lənkəran şəhər İcra Hakimiyyəti avtomobil yollarının təmir işləri üzrə keçirdiyi tenderlərin şərtlər toplusunda təmir işlərinin şəhərin hansı küçəsində aparlması barədə heç bir məlumat verməyib. Bir il ərzində isə “Lənkəran Yol Tikinti” Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış müqavilənin ümumi dəyəri 1581784 manat təşkil edib.Burada “Lənkəran Yol Tikinti” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran şəhərində hansı küçədə nə kimi işlərin gördüyü barədə nə isə demək çətinlik yaradır.Belə ki, Lənkəran İcra Hakimiyyətinin rəsmi portalında 07.07.2020-ci il tarixdə yerləşdirilmiş xəbərdə bildirilir ki, Lənkəran rayonunda irimiqyaslı layihələr gerçəkləşdirilərək ümumi uzunluğu 200 km-dək olan şəhərdaxili küçələr, magistral və kəndlərarası yollar başdanbaşa yenidən asfaltlanıb. Həmin məlumata əlavə olunan şəkilllərdə isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus texnikaların işlədiyi görsənir. Sual oluna bilər. Lənkəran şəhərində yolların təmir işləri üzrə keçirilmiş tenderlərin qalibi “Lənkəran Yol Tikinti” ASC-dirsə,işləri nə üçün AAYDA-nın texnikaları görür? Dövrü mətbuatda yayılan məlumatlara görə Taleh Qaraşov son illər “Lənkəran Yol Tikinti” ASC- ilə yolların təmir işləri üzrə 6.2 milyon manatdan artıq müqavilə bağlayıb ki, tikinti işləri zamanı smeta xərclərinin şişirdilməsi və vəsaitlərin kənarlaşdırılması istisna edilmir. Belə ki, məlumatlarda “Lənkəran Yol Tikinti” ASC-nin sədri Nicat Bağırovla İcra başçısı Taleh Qaraşovun uzun zamandır çox yaxın münasibətlərinin olduğu da bildirilir.

Qeyd edək ki,analoji qaranlıq məsələlər Lənkəranda abadlıq işlərinin aparılması üçün keçirilən tenderlərdə də özünü göstərməkdədir. Belə ki,Lənkəran şəhəri ərazisində abadlıq işlərinin satın alınması üzrə keçirilmiş müsabiqədə “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 23.06.2021-ci il tarixdə qalib elan olunmuş və 657 037.65 manat məbləğində satınalma müqaviləsinin bağlanılması gözlənilir.

Lənkəran şəhərində yaşayış binalarının əsaslı təmiri üzrə 288 753.86 manat məbləğində satınalma müqaviləsi 29.04.2021-ci il tarixdə “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında  “EMV GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10.06.2020-ci  il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100000.00 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, QUŞÇULUQ YAŞAYIŞ MASSİVİ, ev 54, 11-ci küçəsi, Dalan 4, qanuni təmsilçisi kimi Məmmədov Xalid Nəriman oğlu qeyd olunub.

Tikinti materiallarının alınması üzrə 213 438.4 manat məbləğində satınalma müqaviləsi 29.04.2021-ci il tarixdə “AVALON-S”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında  “AVALON-S” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.01.2021-ci  il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, XUDADAD MƏLİKASLANOV, ev 12, m. 10, qanuni təmsilçisi kimi Mehdiyeva Aidə Vəlhəd qızı qeyd olunub.

Reyestr məlumatlarından da göründüyü kimi MMC yanvar ayında dövlət qeydiyyatına alınsada aprel ayında satınalmalarda iştirak edib.Bu da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən saxtakarlıq hesab edilir və mövcud qanunvericiliklə yolverilməzdir.

Güşələrin yaradılmısı üzrə 17 486.97 manat məbləğində satınalma müqaviləsi 17.02.2021-ci il tarixdə “CƏNUB-2000”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Araşdırmalarımız zamanı Lənkəran şəhər İcra Hakimiyyəti guşələrin yaradılması üzrə keçirdiyi kotirovka sorğusunun qalibi “CƏNUB-2000”  MMC-ilə həm də təmir, abadlıq, yolların əsaslı təmiri işlərinin satınalmaları üzrə müqavilələr bağlayıb ki,sözügedən MMC ixtisas göstəricilərində şübhələr yaradır.

Qeyd edək ki,Lənkəran şəhər İcra Hakimiyyəti “CƏNUB-2000” MMC ilə 2019-ci ildə Lənkəran şəhər Vel kənd körpələr evi uşaq baxçasının əsaslı təmir işləri,ödənişli əsaslarla ictimai işlərə cəlb edilən işçilər üçün inventar materiallarının satınalınması,xüsusi geyimlərin; ləvazimatlar, inventar və mal-materialların,abadlıq işləri, tikinti materialları, mənzil fondunun əsaslı təmiri, abadlıq, yolların əsaslı təmiri işləri, geyim və mal-matriallar,mənzil fondunun əsaslı təmiri işləri üzrə ümumi olaraq 1 112 228 manat məbləğində satınalma müqavilələri bağlanılmışdı.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “CƏNUB-2000” Məhdud Məsuliyyətli Cəmiyyətinin  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində 05.07.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı  MASALLI RAYONU, ŞIXLAR, qanuni təmsilçisinin isə Mirzəyev Qadir Nüsrət oğlu olduğu göstərilir.

Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən 2020-ci ildə keçirilmiş tenderlərdə də analoji hallara yol verilmişdir. İcra Hakimiyyətinin tikinti materiallarının satın alınması,yaşayış binalarının əsaslı təmiri işləri,avtomobil yollarının təmir işləri,yol kənarındakı hasarların və parkların təmir işləri və gül kollarının alınması üzrə keçirdiyi tenderlərə ümumi olaraq 1909901 manat dövlət vəsaiti ayrılıb. Lakin yuxarıda qeyd etdiyimiz kimi elan olunmuş açıq tenderlərdə  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda tələb olunduğu kimi, 4-1.3.4. malların göndərilməsinin, işlərin görülməsinin, xidmətlərin göstərilməsinin planlaşdırılan yeri və müddətləri şərtlər toplusunda öz əksini tapmamışdır.Düzdür burada formal olaraq müddət ilin sonuna kimi qeyd edilir. Amma xidmətlərin göstərilməsinin planlaşdırılan yeri heç bir tender elanında göstərilməmişdir ki,bu da işlərin görülməsi zamanı vəsaitlərin təyinatından kənarlaşdırılmasına şübhələr yaradır.

Satınalmaların vahid elektron portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi Lənkəran şəhər İcra Hakimiyyəti bir il ərzində tender yolu ilə avtomobil yollarının təmir işlərinin satın alınmas üzrə  “LƏNKƏRAN YOL TİKİNTİ ” ASC ilə 1581784 manat müqaviə bağlamış,2020-ci ildə müxtəlif mal materialların və xidmətlərin alınması məqsədi ilə ümumi olaraq 1909901 manat məbləğində vəsait ayırıb. 2019-cu ildə isə 10 manat nizamnamə kapitalı olan “CƏNUB-2000” MMC ilə müxtəlif xidmətlərin alınması üzrə 1 112 228 manat məbləğində satınalma müqavilələri bağlanılmışdı.Portalda yerləşdirdirilmiş məlumatlardan da göründüyü kimi İcra Hakimiyyəti son üç ildə Lənkəran şəhərində müxtəlif işlərin satınalmasına 5 milyon manat civarında dövlət vəsaiti ayırmışdır ki,“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq göstəriləcək xidmətlərin yeri və ünvanı açıq şəkildə göstərilməmişdir.

Qeyd edək ki,yuxarıda göstərdiklərimiz Lənkəranda yolların təmirinə,abadlıq və yenidənqurma işlərinə ayrılan vəsaitlərin üzdə olan,cüzi bir hissəsidir.Burada qeyd etdiyimiz işlərin reallaşdırılması üçün hər il milyonlarla manat dövlət vəsaitləri ayrılır ki, işlərin böyük əksəriyyətinə  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmadan.Hesablama Palatasının hələ 2017-ci ildə açıqladığı nöqsanları davam etdirərək. Podratçıların ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirmədən,maddi-texniki bazalarını qiymətləndirmədən.Belə olmasaydı “Lənkəran Yol Tikinti” ASC-nin qalib olduğu tenderlərdə AAYDA-nın texnikaları işləməzdi.Eləcə də digər tenderlərin qalibi olan MMC-lərə aiddir bu göstərilənlər.

 

Aktualinfo.org

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password