Rusiya hədə dilinə keçdi: “Qazaxıstandan sonra indi də Azərbaycan…”

 

“Cənubi Qafqazda yaranmış vəziyyət Moskva üçün öz geosiyasi hədəflərinə çatmağı çətinləşdirir”.

Bunu Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycanla bağlı açıqlamasına münasibət bildirən politoloq Ərəstun Oruclu deyib.

Ekspert Jirinovskinin səsləndirdiyi fikirlərin və rəsmi Bakının buna etirazının göründüyü qədər də sadə olmadığını söyləyib:

“Danışan Jirinovskidirmi və o, nə demək istəyirdi? Vladimir Volfoviçin dililə danışan Kremldir. Jirinovski çıxışında bölgənin, o cümlədən də Azərbaycanın SSRİ və Çar dövründə olduğu kimi Rusiyanın nəzarətinə qaytarılmasının vacibliyini iddia edir. Onun səsləndirdiyi iddiaların kimdən və haradan qaynaqlandığını tapmaq isə bir o qədər də çətin deyil. Dediyim kimi, “müxalifətçi danışman” adətən ya Kremlin, ya da Rusiya hərbi-sənaye kompleksinin, başqa sözlə desək, Rusiya hakimiyyətinin güc qanadının mesajlarını çatdırmaqla məşğuldur.

Bu dəfə onun səsləndirdiyi fikirlər də SSRİ-ni bərpa etmək paranoyasına düçar olmuş Putinin post-sovet ölkələri “kvazidövlətlər” adlandırması, Rusiya Dövlət Duması deputatlarının Qazaxıstana ərazi iddiaları, Ukraynaya qarşı açıq hərbi təcavüz, NATO ilə əməkdaşlıq edən dövlətləri təhdid etmək və bir çox digər məsələlərlə yanaşı, həmin siyasətin tərkib hissəsidir. Bəli, Moskva Azərbaycanı təhdid edir və bu da səbəbsiz deyil. Yeni geosiyasi konstruksiyanın formalaşdırıldığı dövrdə Azərbaycanın sabit və güclü müttəfiqlərinin olması Moskvanı ciddi narahat edir və bu da anlaşılandır. Sirr deyil ki, bölgədə yaranmış vəziyyət Moskva üçün öz geosiyasi hədəflərinə çatmağı çətinləşdirir.

Görünür, həm də Bakı və İrəvanın bölgədəki mühüm dəhlizlər ətrafında uzanan söz savaşı Rusiyanı hövsələdən çıxarmaqdadır. Buna görə də Moskva öz ənənəvi üslubunda reaksiya verib: hədə-qorxu dilində. Amma Bakının adekvat reaksiyası da tam yerinə düşüb. Eynilə bir qədər əvvəl Qazaxıstanın nümayiş etdirdiyi reaksiya kimi. Xatırladım ki, Rusiya rəsmilərinin bu ölkəyə qarşı irəli sürdükləri ərazi iddialarına Astanadan hərbçilər, özü də sadə və anlaşılan dildə cavab verdilər: “Ölkəmizə qarşı ərazi iddiaları müharibə deməkdir, biz də buna hazırıq və ümumiyyətlə, bizim işimiz elə budur”.

Onda Moskva susdu və müzakirələr ən azı müəyyən müddətə qapadıldı. Görünür, başqa daha effektiv yollar axtarmaq üçün. Moskva üçün effektiv yolların nələrdən ibarət olduğunu isə tapmaq elə də çətin deyil. Bunun üçün elə rus ekspertlərin tez-tez işlətdiyi “hərbi-siyasi vasitələr” termininə diqqət yetirmək kifayət edər”.

Ərəstun Oruclu hesab edir ki, Jirinovskinin dedikləri olmayan ağlını itirmiş demaqoqun boşboğazlığı kimi qəbul olunmamalıdır:

“Unutmamalıyıq ki, vaxtilə Rusiyanın Gürcüstana hərbi təcavüzünün “səbəbi” elə həmin “sülhməramlı rus əsgərini qorumaq” olmuşdu. Odur ki, Rusiyanın Azərbaycana mümkün təsirlərinin neytrallaşdırılması məqsədilə bütün zəruri addımlar atılmalıdır. İlk növbədə ölkənin daxilində Rusiya “beşinci kolon”unun” neytrallaşdırılması lazımdır. Daha doğrusu, həm də Rusiya “beşinci kolon”unun”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password