Paşinyan Bakı ilə yeni müqaviləyə hazırlaşır
Ermənistan parlamenti Cinayət Məcəlləsinə “siyasətçilərin təhqir edilməsinə görə həbs cəzası” nəzərdə tutan dəyişikliyi qəbul edib: sosial şəbəkədə, yaxud ictimai yerlərdə təhqirə yol verənlər 140 dollar cərimə ediləcək, təhqirlər davam edəcəksə, bir aydan üç aya qədər həbs cəzası alacaq.
Bu addımın 44 günlük müharibədən sonra ağır təhqirlərə məruz qalan Paşinyanı, Ermənistanın siyasi rəhbərliyini qorumaq məqsədi daşıdığı bəllidir.
Sual yaranır: Paşinyan niyə indi belə dəyişikliyə getdi, xüsusilə hökuməti formalaşdırmadan öncə?
Öncədən də yazdığımız kimi, Putin-Paşinyan, Putin-Əliyev görüşü Moskvada mümkün üçtərəfli görüşə hazırlıq məqsədi daşıyırdı və istisna deyil ki, yeni sərhəd müqaviləsi imzalanacaq. Sərhəddə baş verən toqquşmaların əsas səbəbi də masaya əli güclü şəkildə çıxmaq istəklərindən irəli gəlir.
Bu görüşün Ermənistanda hökumətin formalaşmasından sonra olacağı gözləniləndir. Sərhəd müqaviləsi Qarabağ məsələsində də Bakının istəyini əldə etməsi baxımından əhəmiyyətli rol oynayacaq.
Paşinyan anlayır ki, müqaviləyə imza atmaq Ermənistan daxilində ona qarşı yeni etiraz, yeni təhqir dalğasının başlanmasına səbəb olacaq. Bu baxımdan, hökuməti formalaşdırmadan öncə Qarabağ müharibəsində üzləşdiyi hücumların qarşısını almaq, təhqir dalğasının önünü kəsmək üçün Cinayət Məcəlləsinə dəyişiklik etdi./axar.az