Azərbaycandan Rusiyaya kartof ixracına qadağa qoyula bilər
Azərbaycandan Rusiyaya kartof ixracına müvəqqəti məhdudiyyət tətbiq edilə bilər.
Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bu barədə məlumat verib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə “Rosselxoznadzor” arasında video-konfrans baş tutub. Görüş zamanı Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdə iki kartof partiyasında qəhvəyi bakterial kartof çürüklərinin müəyyənləşdirilməsi barədə məlumat verillib.
Xidmət azərbaycanlı həmkarlarından bu halın səbəblərini öyrənmək üçün araşdırma aparmağı, eləcə də, Rusiya Federasiyası ərazisinə göndərilən tərəvəzlərə nəzarəti gücləndirmələrini xahiş edib.
Qeyd edilib ki, Avrasiya İqtisadi İttifaqının tələblərinə uyğun olaraq, Rusiya ərazisinə kartof tədarükü yalnız göstərilən patogendən azad zonalardan, yerlərdən, istehsal sahələrindən mümkündür, buna görə qəhvəyi bakteriya çürüməsinin aşkar edildiyi istehsal sahələrindən məhsul tədarükü qəbuledilməzdir.
Rusiya tərəfi xəbərdarlıq edib ki, sonradan Rusiyaya göndərilən məhsul partiyalarında müvafiq hal aşkar edilərsə, Azərbaycandan Rusiyaya kartof ixracına müvəqqəti məhdudiyyət tətbiq edilə bilər.
Həmçinin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi sahəsində əməkdaşlıq haqqında saziş layihəsini müzakirə ediblər.