İranda 5-ci dalğa: Tehran küçələri boşaldı, hər yan qapandı…
Tehranın küçələri iyulun 21-dən etibarən boşalıb.
Buna səbəb pandemiyanın yenidən baş qaldırmasına görə hakimiyyətin bir gün öncə 6 günlük sərt karantin rejimi tətbiq etməsidir.
Hazırda İran Covid-19 virusunun 5-ci dalğası ilə üzləşib. Buna səbəb ölkədə Covidin Hindistan variantı kimi tanınan “Delta” variantının sürətlə yayılmasıdır. Və İran özü koronavirusa qarşı milli vaksin icad etdiyini açıqlasa da ölkədə əhalinin çox az hissəsinə vaksin vurulduğu bildirilir. Bundan əvvəl İran Çin istehsalı olan vaksin tətbiq edirdi, Qərb ölkələrinin istehsalı olan vaksinlər isə İran üçün əlçatan deyil.
Xəbərə görə Tehran və Əlburz əyalətlərində vacib müəssisələri çıxmaq şərtilə, hər yan qapanıb. Dövlət televiziyası əksər ofislər, teatrlar və idman zallarının bağlandığını xəbər verir. İran Yaxın Şərqdə pandemiyanın epidsentri sayılır. İyulun 20-də bu ölkədə rekord həddə-27 mindən çox yeni yoluxma halı qeydə alınıb. Həmin 250 nəfərin bu virusdan öldüyü və artıq ölü sayının 87 min nəfəri keçdiyi bildirilir. Əslində ölənlərin sayı rəsmi rəqəmlərdən qat-qat yuxarıdır.
Hökumət səmərəli peyvənd kampaniyası apara bilmədiyinə görə sosial şəbəkələrdə tənqidlərlə üzləşib. Məlumatlara görə 83 milyon əhalisi olan İran əhalisinin indiyədək yalnız 2,3 milyonu vaksinin iki dozasını alıb. İran rəsmiləri isə vaksinlərin alınması ilə bağlı gecikmələrin ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu iddia edirlər.
Qeyd edək ki, İranın Ərbuz vilayəti Azərbaycanın cənub zonası ilə həmsərhəd olan bölgədə yerləşir. Covidin “Delta” variantının artıq Azərbaycana da çatdığı məlumdur. Azərbaycan səhiyyə nazirliyinin iyulun 13- də yaydığı məlumata görə, 31 nəfərdə koronavirusun Delta variantı aşkarlanıb. Həmin vaxtdan etibarən Azərbaycanda da yoluxma sayında müəyyən artım müşahidə olunur.
Azərbaycanla digər qonşu ölkədə-Rusiyada da vəziyyət yaxşı deyil. Bu ölkədə hər gün 25 mindən çox yeni yoluxma qeydə alınır. Son məlumata görə, ötən sutka ərzində ölənlərin sayı 796 nəfərdir. Vaksin vurulanların sayı isə kütləvi immunitetin formalaşması üçün lazım olan səviyyədən olduqca aşağıdır. Baxmayaraq ki, Rusiya koronavirusa qarşı “Sputnik V” və “CoronaVak” vaksinlərini hazırlayıb, onları xarici ölkələrə satmağa çalışır.
Bu gün Rusiyanın “Vektor” elmi mərkəzi elan edib ki, ölkədə koronavirusun “qamma” ştammı, yaxud Braziliya variantı aşkarlanıb. Braziliya ştammı da Hindistan ştammı (“delta”) kimi sürətlə yoluxdurur. Rusiyada hazırda dominant olan isə “delta” variantıdır.