Bölgəyə yeni nizam, yeni düzən gəlir

Azərbaycan NATO-nun təlimlərində qalib ölkə kimi iştirak edir
Gürcüstanda ABŞ-la birgə “Agile Spirit 2021” (“Çevik ruh”) çoxmillətli hərbi təlimlər keçiriləcək. İyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək. ABŞ ordusunun Mətbuat xidmətinin məlumatına əsasən, hərbi manevrlərdə 15 müttəfiq və tərəfdaş ölkə – Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan 2 500-ə yaxın hərbi heyət iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ, Gürcüstan, müttəfiqlər və regional tərəfdaşların hərbi qüvvələrinin hazırlığının və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir.
“Agile Spirit 2021” təlimləri komanda-qərargah, çöl şəraitində keçiriləcək və batalyonlar səviyyəsində atış tapşırıqları icra olunacaq. Təlimlərdə iştirak edəcək ABŞ texnikası artıq Gürcüstana çatdırılıb.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə açıqlamasında qeyd edib ki,  bu təlim Cənubi Qafqazda gedən mürəkkəb geo proseslər fonunda həyata keçirilir. Politoloq bildirib ki, ölkəmizin bu təlimdə iştirakı onu göstərir ki, Azərbaycan konkret olaraq Alyansla və Qərblə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır:
“Xüsusilə postmünaqişə dövründə bu prosesin yeni mərhələyə keçməsi təbii ki, Azərbaycanın manevr imkanlarını daha da genişləndirir. Qeyd edim ki, Rusiya ilə Qərb qarşıdurmasında Azərbaycanın mövqeyi və Cənubi Qafqazda önəmi artıq yeni bir xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu təlimlər regionda ümumi təhlükəsizlik, region ölkələrinin NATO ilə sıx əməkdaşlığı, regionda xarici təcavüzə qarşı ümumi bir səfərbərlik, həmçinin NATO-nun regionda öz geosiyasi maraqlarını təmin edəcək bir fonda həyata keçirilir. Düşünürəm ki, Azərbaycan NATO ilə əlaqələrini bundan sonra daha da irəli verəcək. Həmçinin, Azərbaycanın  NATO ilə əməkdaşlığı əvvəlki illərdən fərqli olaraq təlimlərlə yüksək inkişaf mərhələsinə çıxacaq. Çünki NATO Şərqə genişlənir.  Və o, ümumi təhlükəsizlik fonunda, kiber təhlükəsizlik, terrorizmə qarşı mübarizə, separatizmə və işğala qarşı ümumi bir həmrəylik təşkilatı kimi xarakterizə olunur. Azərbaycanın da indiki situasiyada ittifaqla əlaqələrini bu səviyyədə qaldırması təbii ki, ölkəmizin milli təhlükəsizliyi baxımından xüsusi əhəmiyyətə malikdir”.
M.Əsədullazadə əlavə edib ki, Gürcüstanda ABŞ-la birgə NATO-nun “Agile Spirit 2021” çoxmillətli hərbi təlimlər keçirilməsi regionda Qarabağ müharibəsindən sonra, yeni bir siyasi-hərbi müstəviyə keçid kimi də xarakterizə etmək olar:
“Bu kimi təlimlər 2011-ci ildən keçirilsə də, regionda əhəmiyyətli bir dönüşə imza atmayıb. Çünki regionda ümumi əməkdaşlığı ləngidən Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın ərazilərinin 20 faiz işğalda saxlaması olub. Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi və ərazilərini işğaldan azad etməsi, Cənubi Qafqazda yeni bir rəqabətin yaranmasına gətirib çıxardı. Azərbaycan da qalib ölkə kimi bu təlimlərdə iştirak edəcək. Ölkəmizin bu kimi təlimlərdə iştirakı NATO  və ABŞ -la hərbi-texniki əməkdaşlığı yeni bir müstəviyə qaldıracaq.
Ölkəmizin regionda mövqelərini yüksəldəcək. Belə təlimlərin Azərbaycanda da keçirilməsi mümkün ola bilər. Hesab edirəm ki, bu təlimlər Xəzər hövzəsində Azərbaycana qarşı mümkün riskləri neytrallaşdıra bilər.
Təbii ki, Türkiyənin moderatorluğu ilə NATO təlimlərinin ölkəmizdə keçirilməsi Azərbaycanın təhlükəsizliyinin güclənməsinə xidmət edə bilər. Azərbaycan NATO və ABŞ-la hərbi əməkdaşlığı inkişaf etdirəcəksə, Azərbaycana hərbi texniki dəstək veriləcək. Ermənistanın NATO-nun bu təlimlərinə qatılmaması əsasən, Rusiyanın icazəsi ilə baş tutmur. Ən vacib məqam isə, müharibədə məğlub və darmadağın olmuş bir ordunun belə bir təlimlərdə hansı məqsədlə, həmçinin qalib Azərbaycan əsgəri ilə birgə yanaşı olması Ermənistan üçün gülünc durumdur. Məhz bu səbəbdən də Ermənistan bu təlimlərdə iştirak etmədi”./sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password