Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik – İlham Əliyev
Postmüharibə dövründə biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb. Hər bir addım düşünülmüş proqram üzərində olub.
Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
“Postmüharibə dövrü haqqında, bizim atacağımız addımlar haqqında mən müharibə zamanı fikirləşirdim. Mən tam əmin idim ki, biz qələbə çalacağıq. Tam əmin idim və deyirdim ki, heç kim bizi dayandıra bilməz, heç bir qüvvə bizi dayandıra bilməz. Öldü var, döndü yoxdur. Ancaq postmüharibə dövrü də çox böyük çağırışlarla doludur və biz bunu məharətlə keçirik. Deyə bilərəm ki, postmüharibə dövrünün gündəliyini böyük dərəcədə biz tərtib edirik. Əlbəttə, qonşu ölkələrlə daim təmasda olmaq şərti ilə və onların narahatlığını nəzərə almaq şərti ilə. Amma bizim də gündəliyimizin əsasında bütün bu işlər gedir. Mən artıq bərpa işlərinin miqyasını qeyd etdim və buna bir də qayıtmaq istəmirəm. Eyni zamanda, biz şəhid ailələri üçün indi böyük sosial proqramlar icra edirik. Bu ilin sonuna qədər 3 min şəhid ailəsi və müharibə qazisi mənzillərlə təmin ediləcək, təsəvvür edin, 3 min. Artıq 1300-ü təmin olunub və bu sahə də diqqət mərkəzindədir.
Diplomatik müstəvidə, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr – Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı – bütün bu təmaslar müsbət məcrada inkişaf edir. Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilmərəm hələ ki böyük dərəcədə, amma müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. Ermənistan bizim gündəliyimizin 0,1 faizini də formalaşdıra bilməz, amma biz Ermənistanın müəyyən siyasi gündəliyini formalaşdırırıq və getdikcə bizim imkanlarımız daha da genişlənəcək. Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informasiya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır. Biz Ermənistana gündəlik göndərmişik – sülh müqaviləsi. Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Onlar da deyirlər ki, delimitasiya üzrə iş aparılmalıdır, biz də deyirik. Ermənistan nə deyir? Deyir ki, yox, qoy, Azərbaycan bizim torpaqlarımızdan çıxsın. Biz öz torpağımızdayıq. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasında yox. Yeni gündəliyi formalaşdıraraq artıq status məsələsi də qaldı kənarda, Dağlıq Qarabağ sözü də işlədilmir. Buna nail olmaq lazım idi. Özü-özünə yaranan məsələlər deyil, göydəndüşmə deyil. Nəyə görə? Cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz. Əvvəllər mən deyirdim hücum diplomatiyası, o yerindədir, amma indi bütünlükdə hücum siyasətimiz. Budur və Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir – istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.