Gizli “yol xəritəsi” dövriyyəyə gətirilir

Bizim üçün ən arzuolunmaz senari Fransa və Rusiyanın Qarabağ məsələsində mümkün “razılaşması”dır
Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü zamanı Ermənistana növbəti dəfə sülh müqaviləsini xatırlatması və xəbərdarlığı İrəvanda ciddi qalmaqala səbəb olub. Erməni mediasında və sosial şəbəkələrdə Azərbaycanın müharibəyə hazırlaşdığı, Ermənistanı sülh sazişinə məcbur edəcəyi barədə xəbərlər yer almağa başlayıb. Ermənistan baş nazirinin birinci müavini Tiqran Avinyan isə bildirib ki, “Dağlıq Qarabağın status” məsələsi həllini tapmadan Azərbaycanla heç bir sülh sazişi imzalanmayacaq. O, bu məsələnin Ermənistan üçün prioritet olduğunu deyib: “Hələki Qarabağın status məsələsi həllini tapmayıb.
Bundan başqa, ATƏT-in Minsk qrupu çərçivəsində də danışıqlar bərpa edilməyib. Ona görə də hər hansı bir qərarın verilməsindən və ya addımın atılmasından danışmaq çətindir. Hazırda əsas və ən vacib məsələ Qarabağın və onun xalqının statusunun müəyyən edilməsidir”. Onun sözlərinə görə, hazırda danışıqlarda müzakirə mövzusu kommunikasiyaların açılmasıdır: “Hazırda sülh sazişinin imzalanmasına dair heç bir danışıq aparılmır”. Azərbaycan tərəfi Ermənistan təmsilçisinin sərsəm bəyanatını cavabsız qoymayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır: “Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır. Bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir. Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik. Yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik. Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq. Qondarma “status” məsələsinə istinadlara gəldikdə, xatırlatmaq istərdik ki, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib. Dövlət başçımız 14 iyul tarixində səsləndirdiyi çıxışında bir daha vurğuladı ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Prezident bildirdi ki, ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Məlumat üçün deyək ki, son günlər bəzi xarici ölkə nümayəndələri tərəfindən də oxşar fikirlər gündəmə gəlməkdədir. Təəssüf ki, bu insanların səsləndirdiyi boş vədlər Ermənistana yaxşı heç nəyi vəd etmir. Bunu Ermənistan dərk etməli, keçmişdən və tarixdən nəticə çıxarmalıdır.
Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, Fransanın Ermənistandakı səfiri də baş nazirin müavini ilə eyni gündə bənzər fikirləri dilə gətirib. Analitik vurğulayıb ki, yaxın vaxtlarda Makronun İrəvana rəsmi səfəri baş tutacaq:
“Fransa siyasətçiləri ciddi şəkildə ayağa dolaşmağa başlayıblar. İstisna deyil ki, ən son həddə, Paris hətta “Dağlıq Qarabağ”ın “müstəqilliyini” də tanıya bilər. Unutmamalıyıq ki, bizim üçün ən arzuolunmaz senari Fransa və Rusiyanın Qarabağ məsələsində mümkün “razılaşması”dır. Fransadakı müxtəlif internet resurslarına istinad etsək, Makron və Putin arasında Qarabağla bağlı gizli “yol xəritəsi”nin olduğunu görərik. Hələlik, Moskva bu “yol xəritəsi”nin açıqlanmasına yaşıl işıq yandırmayıb. Çox güman, Bakı ilə müxtəlif məsələlər ətrafında dialoq davam edir. Hər bir halda rəsmi Bakı “B” planına hazırdır. Prezidentin “Zəngəzur, Göyçə və İrəvan tarixi Azərbaycan torpaqlarıdır” deməsi təsadüfi deyil. Qarabağ məsələsində əldə edilmiş razılıqların pozulduğu anda, məsələyə tarixi Azərbaycan torpaqlarını qaytarma kontekstində yanaşacağıq. Əgər Rusiya və Fransa Qarabağla bağlı Azərbaycana pressinq edərsə, indiki Ermənistan ərazisindəki torpaqlarımıza iddianı ortaya qoyacağıq. İlkin mərhələdə Naxçıvan ilə Azərbaycanın əsas hissəsi arasındakı Zəngəzurun vahid şəkildə birləşdirilməsi ola bilər”.
Z.Məmmədov vurğulayıb ki, Ermənistan demarkasiya məsələsinə də razılıq vermir:
“Ordumuz SSRİ xəritələrinə istinad edərək müxtəlif istiqamətlərdə Ermənistana doğru irəliləyə bilər. İrəvan unutmasın ki, Putinin Ukrayna ilə bağlı dediyi fikir Bakı tərəfindən Qafqazda qabardılarsa, biz də 114 min kvadrat kilometr ərazimizin qaytarılması məsələsini qaldıra bilərik. Uzun sözün qısası, əgər Ermənistan və havadarları Azərbaycan Ordusuna qarşı silahlı təxribatlara davam edərsə, “status” məsələsində qırmızı xətti keçərsə, “B” planımız dərhal işə düşəcək”. /sherq.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password