ABŞ və Fransa Qarabağda münaqişəni niyə alovlandırır? – Ermənistan məhvə doğru
ABŞ və Fransa regionu yenidən təhlükəyə sürükləyən mövqe nümayiş etdirirlər. ABŞ dövlət katibi Entoni Blinkenin və Fransanın Ermənistandakı səfiri Conatan Lakottın açıqlamaları özündə yeni regional riskləri də ehtiva edir.
Blinken Ermənistanda baş nazir səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla telefon söhbətində bildirdi ki, “Dağlıq Qarabağ”dakı müharibədən sonra yaranmış status-kvo sabitiliyə təminat vermir və Minsk qrupunun fəaliyyəti bərpa edilməlidir”.
ABŞ dövlət katibinin məhz indi – Paşinyanın Moskvaya səfərindən sonra İrəvana etdiyi zəng və verdiyi bu açıqlama Rusiyaya ünvanlanmış mesaj olaraq görünür:
– Rusiya Qarabağda təhlükəsizliyi qoruya bilmir;
– Münaqişə həll edilməyib və məsələ Minsk qrupu çərçivəsində həllini tapa bilər;
Bu, iki qütb – ABŞ və Rusiyanın digər bölgələrdə olduğu kimi Cənubi Qafqazda da toqquşan maraqlarından qaynaqlanır, hərçənd, dövlət katibinin bu açıqlaması regionda yaranmış sülhə qarşı ciddi hücum hesab edilə bilər və özündə yeni eskalasiya risklərini daşıyır.
Fransanın da mövqeyi regionda yaranmış sülhə qarşı təhlükə yaradır. Bu ölkənin Ermənistandakı səfiri Conatan Lokatt Paşinyanla görüşdə iddia etdi ki, “münaqişə həll olunmayıb və bu, yalnız “Dağlıq Qarabağın statusu”nun müəyyənləşməsindən sonra mümkün olacaq”. Fransa prezidenti Emmanuel Makronun Ermənistana gözlənilən səfərində eyni mövqeyin davam edəcəyi məlumdur.
Rəsmi Parisi narahat edən məsələ məlumdur. Fransa münaqişənin həllindən kənarda qalmasını regiondakı maraqlarına zidd hesab edir və məhz öz maraqları üçün bitmiş münaqişəni yenidən diriltmək cəhdlərinə baş vurur.
Bu ölkələr və eyni mövqedə olanlar anlamalıdırlar ki, artıq qatar gedib.
Prezident İlham Əliyevin iyulun 14-də verdiyi mesajlar da münaqişəni yenidən diriltmək istəyənlərə ünvanlanmışdı.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb… Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”, – dövlət başçısı dəqiq mesajları çatdırdı.
Bu ölkələr də reallıqla barışmalıdır. Çünki Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla Ermənistan-Azərbaycan münaqişəsi başa çatdı, Ermənistan kapitulyasiya etdi. Dünya birliyi, beynəlxalq təşkilatlar 44 günlük müharibənin nəticələrini və 10 noyabrda imzalanmış birgə bəyanatı tanıdı.
Münaqişənin həll olunmadığını deyənlər və ya Dağlıq Qarabağ münaqişəsi ifadəsini işlədənlər açıq şəkildə regionu yeni təhlükələrə sürükləyirlər.
Birincisi, 30 ilə yaxın dövrdə ATƏT MQ-nin əhəmiyyətsiz və nəticəsiz vasitəçiliyi ilə müzakirə mövzusu olmuş “Dağlıq Qarabağın statusu” məsələsi artıq gündəmdə deyil. Bundan sonra bütün münasibətlər Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir.
İkincisi, hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmağa hüquq verilməyib. ATƏT MQ-nin də belə bir mandatı yoxdur.
Üçüncüsü, Prezidentin 7 iyun tarixli Fərmanı ilə “status”, yaxud “Dağlıq Qarabağ” haqda danışanların nəzərdə tutduqları ərazilərlə bağlı rəsmi qərardır.
Bunun əksini deyənlər Azərbaycanın suverenliyinə qarşı çıxır və bu, beynəlxalq hüquqa ziddir. O cümlədən, regionda yeni risklər yaradır, mövcud sülhü pozmağa çalışırlar. Və bu təhlükəli prosesdən ən çox əziyyət çəkəcək ölkə Ermənistan, xalq ermənilərdir. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və suveren ərazilərində milli təhlükəsizliyinə qarşı istənilən riski “Dəmir Yumruq”la aradan qaldıracaq. Üçüncü qüvvələr bunu anladıqları halda, Ermənistandan alət kimi istifadə edir, revanşizmə dəstək verir və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltməyə çalışır. Bunun yeganı adekvar cavabı “Dəmir Yumruq”dur və Ermənistan birdə bu yumuruğun zərbəsini alacaqsa, özünə gəlməsi üçün onilliklər, bəlkə də daha çox zamana ehtiyacı olacaq. Bütün prosesdən əziyyət çəkən isə erməni xalqı olacaq.
Asif Nərimanlı