Rusiya Qarabağda bunu bacarmırsa, desin… – Hulusi Kılıç
Erməni terrorçularının dünən gecə saatlarında Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisindən Şuşaya atəş açmasını şiddətlə qınayırıq. Bu fəaliyyətlər 10 noyabr bəyanatına tamamilə ziddir.
Bu sözləri açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç deyib. Onun sözlərinə görə, belə təxribat hallarının qarşısınının alınması Azərbaycan ərazisində fəaliyyət göstərən rus sülhməramlılarının birbaşa vəzifəsidir:
“Rus sülhməramlılarından öz vəzifələrini yerinə yetirmələrini gözləyirik. Əgər vəzifələrini yerinə yetirə bilmirlərsə, bunu açıq şəkildə ifadə etsinlər. Ondan sonra Azərbaycan 10 noyabr bəyanatından çəkilə və öz işini özü görə bilər. Azərbaycan 44 günlük Vətən müharibəsində sərgilədiyi gücü ilə bunu sübut etdi. Rusiya dövlətinin də məsul şəxslərinin vəzifələrini yerinə yetirmələri lazımdır. Rusiya dövləti Ermənistana belə təxribatçı əməllərə görə sərt şəkildə xəbərdarlıq etməlidir”.
Keçmiş səfir Ermənistanın hər dəfə bu təxribatlarla 10 noyabr bəyanatını pozduğunu, rus sülhməramlılarının isə öz vəzifələrini yerinə yetirməmələrinin Rusiya dövlətinin də etibarına, nüfuzuna beynəlxalq aləmdə böyük zərbə vurduğunu bildirib:
“Dünyada sülhməramlı qüvvələrin vəzifələri beynəlxalq hüquqa görə bəllidir. Əgər öz vəzifələrini yerinə yetirmirlərsə, onda onların sülhməramlı statusu ortadan qalxır, bitərəfliyi itir”.
Hulusi Kılıça vurğulayıb ki, Azərbaycan ərazisində hələ də erməni silahlılarının qalması qəbuledilməzdir. Rusiya Türkiyə və Azərbaycanın tərəfdaşı kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:
Ermənistanın 10 noyabr bəyanatının şərtlərinə əməl etməməsi Azərbaycanı da hüquqi məsuliyyətdən azad edir. Azərbaycan məsələnin sülh yolu ilə həllini istəyir və bütün hallarda öz haqlarını müdafiə etməyə qadirdir”./axar.az