Tovuz döyüşləri Azərbaycanın səbrini tükəndirən son addım idi – Politoloq

 

Tovuza edilən hücumun əsas səbəblərindən biri Azərbaycanın iqtisadi layihələrinə ziyan vurmaq idi. Onların niyyəti həm Bakı-Tbilisi-Ceyhan neft kəmərinə zərbə vurmaq, həm də TANAP layihəsinin fəaliyyətini qısa müddətlik də olsa dayandırmaq idi.

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Tovuza edilən hücum tək dövlət suverenliyinin pozulması deyil, bu, həm də Azərbaycan tərəfindən həyata keçirilən layihələrə zərbə vurmaq idi: “Ermənilərin bu hücumu həmin layihələrin həyata keçirilməsindən sonra başladı. Qərbi Avropanın kütləvi informasiya vasitələri Azərbaycanın qaz bazarına daxil olmasını çox böyük rəğbətlə qeyd edirdi. Həqiqətən də TAP (Trans Adriatik Boru Kəməri) və TANAP (Trans Anadolu Boru Kəməri) layihələrinin işə düşməsi dünyada böyük əks-səda doğurmuşdu. Bu cür böyük işlərin Azərbaycan tərəfindən yaradılması kimlərisə narahat edirdi. Həmin dövrdə yeni hakimiyyətə gəlmiş Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində güc mövqeyindən istifadə etdi. Ermənistan müdafiə naziri deyirdi ki, bizim ordumuz o qədər güclüdür ki, yeni torpaqlar da işğal edə bilərik. Onların bu cür çıxışları təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən qınanmadı. Azərbaycan Ordusu isə öz hazırlıqlarını görmüşdü. Tovuza edilən hücum dövlət suverenliyimizin pozulmasına cəhdlə yanaşı, həm də Azərbaycanın həyata keçdiyi layihələrə zərbə vurmaq idi. Çünki artilleriya mərmilərindən bəziləri həmin boru xətlərinin yaxınlığına düşmüşdü”.

Q.Hüseynli vurğulayıb ki, Azərbaycan Ordusu düşmənin cavabını layiqincə verdi və onu yerində oturtdu: “Ermənilər Azərbaycanın bu cür ciddi müqavimətini gözləmirdi. Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu. Bu, 2016-cı ildə baş vermiş Aprel döyüşlərindən sonra düşmənə ikinci zərbə idi. Üstəlik ermənilərin və onların havadarlarının da niyyəti boşa çıxdı. Tovuz döyüşlərindən sonra bir sıra dövlətlər ciddi nəticələr çıxardı. Qardaş Türkiyə Tovuza edilən hücumu bizimlə eyni qiymətləndirdi və bunu Türkiyəyə qarşı atılan addım kimi qəbul etdilər. Bundan sonra, Türkiyə ilə Azərbaycan arasında intensiv danışıqlar başladı və ermənilərin Qarabağla bağlı xülyalarının sonlandırılması ilə bağlı siyasi səviyyədə qərara gəldilər. Türkiyə birmənalı şəkildə Azərbaycanın yanında olduğunu qeyd etdi və Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi müddətdə bütün vasitələrlə yanında olduğunu göstərdi. İlk vaxtlar bu kömək siyasi və mənəvi xarakter daşıyırdı. Müharibə dövründə isə bütün vasitələrlə öz köməklərini göstərdilər. Tovuz döyüşləri Azərbaycanın səbrini tükəndirən son addım idi. Bundan sonra Azərbaycan düşməni öz torpaqlarından qovdu”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password