Şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür
12 iyul tarixi Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, birinci Qarabağ müharibəsinin qazisi, 20106-cı ildə baş verən Aprel döyüşlərinin şəhidi Raquf Orucovun doğum günüdür.
Qeyd edək ki, Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi.
1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub.
Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb.
1993-cü ilin 12 iyununda rus-erməni ordusu Qarabağın əksəır yaşayış məntəqələri kimi Ağdam rayonunun Cinli kəndini işğal etdi. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid oldu.
Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verdi, amma məktəbə qəbul ola bilmədi. Buna baxmayaraq o, ruhdan düşmədi və ertəsi il həmin məktəbə qəbul olundu.
Anasının qisasını ermənilərdən alacağı ümidilə də onun şərəfli hərbçi həyatı başladı.
Ali Hərbi Məktəbi bitirən Raquf Orucov Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alsa da, gənc zabit ön cəbhədə xidmətə üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağda alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.
Polkovnik-leytenant Raquf Orucovun sonuncu döyüşü 2016-cı il aprel ayının əvvəlində olub. Düşmənlə qəhrımancasına vuruşan Raquf Orucov şəhid olub.
2016-cı il aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıt şəhərində keçirilən dəfn mərasiminə minlərlə insan iştirak edib.
O, Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.
Allah rəhmət eləsin…