Maya Sandunun partiyası erkən parlament seçkilərində qələbə qazandı
Moldovada keçirilən növbədənkənar parlament seçkilərində ölkə Prezidenti Maya Sandunun rəhbərlik etdiyi “Fəaliyyət və Həmrəylik” partiyası qalib olub.
Moldova Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, seçki bülletenlərinin 97,21 faizi hesablanıb. Hesablamaya görə “Fəaliyyət və Həmrəylik” partiyası seçicilərin 49,76 faiz səsini toplayıb. Moldovanın sabiq prezidenti İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyası isə 29,38 faiz səslə ikinci yerdədir. İş adamı yəhudi əsilli İlan Şorun rəhbəri olduğu partiya 6,18, digər tanınmış iş adamı, həm də Rusiya vətəndaşı Renato Usatıyın partiyası isə 4,25 faiz səs toplayıb.
Qeyd edək ki, Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edib. Moldova parlamenti buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdular.