“Tovuz hadisələri müharibənin başlanmasında bir qığılcım rolunu oynadı.” – Politoloq

 

Tovuz döyüşlərinin 1 ili yaxınlaşır. Ötən il 12-16 iyul tarixlərində baş verən bu hadisələr Azərbaycanın taleyində ciddi dönüş nöqtəsi oldu.

Qaraqayada şəhid olan general Polad Həşimov Vətən müharibəsinin simvoluna çevrildi. Onun şəhid olması Azərbaycan Ordusunun müharibədə ciddi rəşadət göstərməsinə gətirib çıxardı. 4 günlük Tovuz savaşı tariximizə qızıl hərflərlə yazıldı. Məhz bu hadisələrin təsiri ilə II Qarabağ müharibəsinə başladıq və Vətən müharibəmizdə parlaq qələbə qazandıq. Bu döyüşlər Azərbaycanın işğaldakı torpaqlarla bağlı siyasətinin dəyişməsinə gətirib çıxardı.

Bir il keçməsinə baxmayaraq, hələ də ermənilərin həmin təxribatları ətrafında çoxlu sayda müzakirələr gedir, suallar yaranır.

Bəs niyə Ermənistan ötən ilin iyulunda Tovuza hücum etmişdi? Azərbaycanın fikrini Qarabağ savaşı başlatmasından yayındırmaq üçünmü? Yoxsa ortada başqa səbəblərmi var idi? Tovuz döyüşlərinin qələbə qazanmağımızda təsiri nə qədər oldu?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu döyüşləri müharibənin birinci mərhələsi sayır:

“Nikol Paşinyan hakimiyyətə gələndən sonra Qarabağ istiqamətində vəziyyətin nə qədər gərgin olduğunu görünür anlamırdı. Şuşaya daimi səfərlər, müdafiə nazirinin yenidən Azərbaycan ərazilərini işğal edə bilərik kimi sayıqlamaları, qondarma rejimin mərkəzinin Şuşaya köçürülməsi istəyi, üstəgəl də Tovuzdakı təxribat hər an müharibəyə başlamağa şərait yaradırdı. Bununla Azərbaycanı durdura biləcəklərini, hansısa mesajlar verəcəklərini zənn edirdilər. Halbuki, Tovuz hadisələrindən öncə də bildirmişdik ki, danışıqlar nəticə vermir, qəti qərar verməliyik. Ötən ilki yazılarıma baxıram. Proqnozlaşdırmışdım ki, Tovuz döyüşlərindən sonra genişmiqyaslı müharibəyə başlamaq məcburiyyətində qalacağıq. Başqa alternativimizin olmadığını söyləmişdim. Elə də oldu. Tovuzda biz şəhid verdik, amma ermənilər də çoxlu itkilər verdilər. Aydın idi ki, bu müharibənin birinci mərhələsi sayıla bilərdi. Artıq tam əmin idim ki, müharibə bir neçə aydan sonra başlayacaq. Tovuz hadisələri müharibənin başlanmasında bir qığılcım rolunu oynadı. Orada rəşadət göstərdik, qəhrəmanlarımız oldu, Polad Həşimovun simasında. Bu çox vacib idi. Çünki qəhrəmanlarımızın sayı artırdı. Biz Mübariz İbrahimovdan örnək götürdük. Polad Həşimov bizim üçün mübarizə simvoluna çevrildi. Bundan sonra proses dayana bilməzdi, mexanizm yaranmışdı. Bunu dayandırmaq olmazdı. Xatırlayırsınızsa, Tovuz döyüşləri günlərində insanlar küçələrə çıxıb dövlətdən müharibəyə başlamağı tələb etdilər. Bu da hakimiyyətə bir mesaj idi ki, dayanmaq olmaz, irəli getməliyik. Elə də oldu, ermənilərə elə bir cavab verdik ki, torpaqlarımızın böyük qismini azad etdik. Amma hələ də işğal altında qalan torpaqlarımız var, düşmənin ağlı hələ də özünə gəlməyib. Yenə də atəşkəs müəyyən hissələrdə pozulur. Ağdam, Tovuzun özündə sonuncu dəfə bunun şahidi olduq. Demək, bunlara hələ dərs olmayıb. Onlara yenidən dərs vermək məcburiyyətindəyik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password