Ağdam təxribatı: Sülhməramlılar nəyi gizlədir?
Erməni quldur dəstələri Ağdam rayonunda yolun abadlaşdırılması işlərini aparan Azərbaycan Ordusunun hərbçilərini atəşə tutub və bir əsgər yaralanıb. Maraqlıdır ki, Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşməsi də cinayətkarların qarşısını almayıb.
Bu barədə açıqlamasında azərbaycanlı alimi, professor Kamran Rüstəmov bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi dözümlülük göstərərək cavab atəşi açmayıb:
“Bakı çox gözəl anlayır ki, erməni quldur dəstələrinin bu təxribatları törətməkdə əsas məqsədi Qarabağda vəziyyəti qızışdırmaqdan ibarətdir. General Muradov bu insidentlə bağlı araşdırma aparmağa məcbur olacaq. O, bu təxribatın iştirakçılarını müəyyənləşdirməlidir. Onlar sonradan Azərbaycan tərəfinə təhvil verilməlidir”, – deyə alim vurğulayıb.
Professor qeyd edib ki, Azərbaycan dərhal həm Rusiya sülhməramlılarını, həm də Monitorinq Mərkəzini insidentlə bağlı məlumatlandıra bildi:
“Lakin bir müddət sonra Rusiyanın Müdafiə Nazirliyi “Dağlıq Qarabağ münaqişəsi zonasında” (Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb – red.) Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında qəribə bir informasiya bülleteni dərc etdi. RF Müdafiə Nazirliyinin bülletenində deyilirdi ki, Qarabağda atəşkəsə “bütün təmas xətti” boyu əməl edilir. Məndə olan dəqiq məlumata görə, atəşkəs pozulduqdan dərhal sonra Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində təmsil olunan rusiyalı hərbçilər qanunsuz erməni silahlı birləşmələrinin atəş açdığı yerə baş çəkiblər və baş verənlər barədə Moskvaya “ətraflı məlumat” veriblər.
Belə bir sual yaranır: Ya Rusiya-Türkiyə Monitorinq Mərkəzindən olan hərbçilər öz ölkəsinin Müdafiə Nazirliyinə insident barədə dolğun məlumat verməyiblər, ya da Rusiya Müdafiə Nazirliyi yalan təəssürat yaratmağa çalışır ki, sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə hər şey sakitdir, hər şey gözəldir və boş-boş şeylərə görə narahat olmağa dəyməz.
Mən qəti əminəm ki, müvafiq qurumlar bu məsələni araşdıracaq və sərt tədbirlər görəcəklər. Əgər bu gün qarşıdurma yaratmaq cəhdlərini cilovlamasaq, sabah proses arzuolunmaz ssenari üzrə gedə bilər”, – deyə Rüstəmov bildirib.