Ermənistanın sərhəddə təxribatlarının əsl səbəbi – Azərbaycan niyə susur?
“Anlamalıyıq ki, seçkilərin bitməsi heç də o demək deyil ki, Ermənistanda davam edən siyasi böhran bitib”.
Bunu açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.
O bildirib ki, Ermənistan sərhəddə atəşkəsi pozmaqla istəyir ki, dünya münaqişənin guya davam etdiyini görsün:
“Ermənistanda seçkilər bitsə də siyasi böhran hələ də davam etməkdədir. Birinci olaraq biz ermənilərin sərhəddə fəallaşmasına, atəşkəsi pozmasına bu çərçivədən baxmalıyıq. Bilməliyik ki, bu, Ermənistanda gedən daxili siyasi proseslərin nəticəsidir.
İkincisi, Ermənistan silahlı qüvvələrinin şimal istiqamətində (Tovuz istiqamətində dövlət sərhəddini müdafiə edən korpus – red) 3-cü ordu korpusunun komandiri general Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturovdur. Bəli, o formal olaraq Nikol Paşinyana tabedir, amma biz Ermənistanın daxilindəki siyasi çəkişmələri nəzərə alsaq, bu adamın Nikol Paşinyandan çox, üçüncü qüvvələrə (“Qarabağ klanı”), xarici güc mərkəzlərinə tabe olduğunu görərik. Seçkilərdən sonra 3-cü ordu korpusunda kadr dəyişiklikləri baş verməyə başladı və həmin o korpus komandirinin yerinə namizəd axtarırdılar, sonra tapdılar. Yəni bu söz-söhbətlərin getməsindən bir neçə gün sonra Tovuzda atəşkəsin pozulması hadisələrinin bir daha baş verməsi sual doğurur ki, nəyə görə? Təsadüfdürmü, niyə üst-üstə düşür?
Biz anlamalıyıq ki, ümumi gərginliyin saxlanılması – fərqi yoxdur hansı istiqamətdə – bunun baş verməsi Ermənistanın nəyə görə marağındadır? – Çünki bizim aramızda Prezident İlham Əliyevim dediyi kimi hərtərəfli sülh müqaviləsi imzalanana qədər bu təzyiqin saxlanılması onların marağındadır. Baxın, onların başqa təzyiq imkanları yoxdur: Müharibə uduzulub, ordu yoxdur. Bu təzyiq vasitəsilə onlar dünya ictimaiyyətinin diqqətini cəlb etmək istəyirlər ki, Fransa, Qərb bu prosesdə daha aktiv iştirak etsinlər və yekun müqavilənin imzalanmasında ermənilər özlərinə bacardıqları qədər heç olmazsa nəsə saxlasınlar. Onlar bilirlər ki, bu təzyiq təbii ki, Azərbaycan üçün ciddi təhlükə daşımır. Eyni zamanda ermənilər maraqlı deyillər ki, Azərbaycan tərəfi cavab olaraq adekvat hansısa əməliyyat keçirib, onları cəzalandırsın. Başa düşürlər ki, bunun fəsadı onlar üçün nə olacaq. Məqsəd məhz dünya ictimiyyətinin daim diqqətini burada saxlamaqdır. Faktiki olaraq belə bir vəziyyət yaranıb. Onlar bu üsluba əl atmaqla gərginliyi saxlayaraq, istəyirlər ki, dünya görsün ki, məsələ həll olunmayıb, münaqişə davam edir.
Müharibədən sonra bu gərginliyin saxlanılması onlara sərf edir. Bütün mahiyyət bundan ibarətdir: Azərbaycan tərəfi iddia edir ki, status-kvo yoxdur, gorbagor olub, məhv olub. Ermənilər isə çalışırlar ki, dünya ictimaiyyətinə göstərsinlər ki, nəsə var, nəsə davam edir”.
Xatırladaq ki, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub. Bu hadisədən bir gün keçməmiş – iyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. /milli.az