AVRO-2020: İtaliya millisinin finaldakı rəqibi bəlli oldu
Futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
Bu turun son görüşündə İngiltərə və Danimarka yığmaları üz-üzə gəliblər. Londondakı “Uembli” stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı Skandinaviya təmsilçisi açıb. 30-cu dəqiqədə Mikkel Damsqor cərimə zərbəsindən baxımlı qol vurub. Bu, ingilislərin AVRO-2020-də buraxdığı ilk top olub. Cəmi 9 dəqiqə sonra britaniyalılar tarazlığı bərpa ediblər. Danimarkanın kapitanı Simon Kyaer topu öz qapısından keçirib.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından, əlavə vaxt oynanılıb. 104-cü dəqiqədə İniltərə millisinin kapitanı Harri Keynin yerinə yetirdiyi penalti zərbəsini Kasper Şmeyxel qaytarsa da, özünü topa hamıdan tez çatdıran hücumçu komandasının qələbə qolunu vurub. Beləliklə, ingilislər tarixində ilk dəfə finala vəsiqə qazanıblar. Onların həlledici oyundakı rəqibi İtaliya yığması olacaq.
Qeyd edək ki, final qarşılaşması iyulun 11-də “Uembli” stadionunda gerçəkləşəcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.