Türkiyə Rusiyanın NATO-da ən etibarlı tərəfdaşıdır? — Rusiyalı ekspert
Rusiyanın bəzi telekanallarında Türkiyəni ümumi bir şər kimi təqdim etmək cəhdləri davam edir.
Bu, xüsusən Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun “Rusiya-1” telekanalına verdiyi müsahibəsindən sonra başlayıb.
Qeyd edək ki, D.Peskov “Rusiya-1” kanalına verdiyi müsahibədə bildirib ki, Türkiyə NATO ölkəsidir, lakin buna baxmayaraq iki ölkənin əlaqələri hətta NATO üzvü ilə də tərəfdaşlıq münasibətləri qurulmasının mümkün və lazım olduğunu əks etdirir.
Ayrıca olaraq qeyd etmək lazımdır ki, İstanbulun Kadir Has Universitetinin saytında dərc edilən sorğuya əsasən, ölkə əhalisinin 29,9 faizi Rusiyanı dost siyahısında görür. Bu göstərici ilə Rusiya siyahıda altıncı yerdə qərar tutub.
Siyahıda birinci sırada əlbəttə ki, Azərbaycan qərarlaşıb. Ardınca Şimali Kipr, Gürcüstan, Özbəkistan və Pakistanın adları gəlir. Ukrayna bu siyahıda Rusiyadan sonra yeddinci pillədə qərarlaşıb.
Həmçinin qeyd edək ki, Türkiyə vətəndaşları ABŞ-ı ölkələri üçün ən böyük təhdid hesab edirlər. Ermənistan bu siyahıda üçüncüdür.
caliber.az-a açıqlama verən Rusiya Beynəlxalq İşlər Şurasının eksperti Kamran Həsənov Rusiya-Türkiyə münasibətlərinin mövcud səviyyəsini qiymətləndirib.
Ekspert qeyd edib ki, həqiqətən də Rusiya və Türkiyə yüksək rəhbərlik səviyyəsində bir-birlərini strateji tərəfdaş adlandırır, iki ölkə rəhbərliyi səviyyəsində müntəzəm sammitlər keçirilir:
“Və deməliyik ki, NATO ölkələri müstəvisində Türkiyə Rusiyanın ən etibarlı tərəfdaşıdır. Ankara sözünün üstündə durur. O, Bolqarıstandan fərqli olaraq Qərbin təhdidi altında özü üçün əlverişli olan layihələri ləğv etmir. Rusiyanın S-400 kompleksləri ilə bağlı razılaşma Türkiyənin sərbəst və müstəqil fəaliyyət göstərdiyini sübut etdi”.
K.Həsənov Kadir Has Universiteti tərəfindən aparılan sorğunun nəticələrinə də münasibət bildirib.
Həmsöhbətimiz vurğulayıb ki, Türkiyədə ictimai fikir dəyişir və bu olduqca təbiidir:
“Ancaq məsələ ondan ibarətdir ki, anti-ABŞ əhval-ruhiyyəsi artmaqdadır və Birləşmiş Ştatların populyarlığı aşağı düşür. Və bu, mütləq olaraq türklərin Rusiyanı daha çox sevməyə başladıqları anlamına gəlmir. Davamlı iclaslar, əl sıxmalar, təbəssümlər, “əziz dostum” ifadələri və ortaq iqtisadi layihələr (AES “Akkuyu” nüvə stansiyası, “Türk axını”, S-400) çətin ki, Türkiyə vətəndaşlarının, xüsusən Prezident Rəcəb Tayyib Ərdoğan tərəfdarlarının diqqətindən kənarda qalsın”.