Şəmkir şəhidlərinin sərgisinə idarə dəstək olmadı

 

Şəmkirli rəssam Fərman Hüseynov Vətən müharibəsində Şəmkir rayonundan şəhid olan 61 qəhrəmanın ümumi portretini çəkib. Lakin Şəmkir Regional Mədəniyyət İdarəsi rəssama şəhidlərə həsr olunmuş sərgi keçirməsi üçün lazım olan maddi yardımı göstərmir.

Bu barədə danışan rəssam bildirib ki, Şəmkir Regional Mədəniyyət İdarəsinə sərgi keçirməklə bağlı müraciət etsə də, idarə rəisi maddi imkanın olmadığını deyib:

“Şəmkir rayonunun sabiq icra başçısının qəbuluna getmək istədim. Şəhidlərlə bağlı olduğunu desəm də, məni qəbul etmədi. Həm sərgi keçirtmək, həm də portretləri albom şəklinə salınıb 61 şəhidin ailəsinə bağışlamaq istəyirik. Şəmkir Regional Mədəniyyət İdarəsi isə maddi imkanın olmadığını bildirir”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Şəmkir rayon İcra Hakimiyyyətinin mətbuat katibi Elvin Seyidov deyib ki, Şəmkir Gənclər Mərkəzindəki qalereyada şəhidlərin portreti üçün uyğun çərçivələr tapılmayıb:

“Portretlərin ölçüsü qalereyadakı göydənasma şüşə çərçivələrə uyğun olmadı. Buna görə sərgini keçirə bilmədik. Lakin sərgi planımızda var. Şəhidlərimizlə bağlı məsələlər hər zaman diqqətimizdədir. Şəmkir Regional Mədəniyyət İdarəsi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumdur. İH həmin qurumun işinə qarışa bilməz”.

Qeyd edək ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password