Moskva səfərinin pərdəarxası: “7 kənd qaytarılacaq, Mehri dəhlizi açılacaq” – Ermənistan mediası

 

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan sabah işgüzar səfərlə Moskvaya gedəcək. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparılacaq.

Ermənistan mediasının yaydığı rəsmi açıqlamaya görə, tərəflər Ermənistan-Rusiya strateji gündəminin məsələlərini, habelə 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Ermənistan, Rusiya və Azərbaycan liderləri tərəfindən imzalanmış Qarabağla bağlı üçtərəfli bəyanatların həyata keçirilməsini müzakirə edəcəklər: “Paşinyan və Putin Qarabağ əhalisinə humanitar yardımın göstərilməsi, bölgədəki iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpası barədə fikir mübadiləsi aparacaqlar”.

Qeyd edək ki, sonunucu dəfə Ermənistanın baş naziri və Rusiya prezidenti 7 aprel tarixində Kremldə görüşüblər.

Amma Ermənistan mətbuatı məsələyə bir qədər əsəbi yanaşır. Xüsusən də müxalifətə yaxın olan media qurumları bu görüşdə Azərbaycanla sülh müqaviləsinə doğru əhəmiyyətli bir addımın atılacağını yazırlar.

Hökumətdəki mənbələrə istinad edən media qurumlarının yazdığına görə, sərhədlərin demarkasiyası ilə bağlı məsələ ön sırada olacaq: “Paşinyan Tiqranaşen (Naxçıvanın Kərki kəndi – red.) və Tavuş bölgəsindən isə 6 kəndi (Azərbaycanın Qazax rayonuna daxil olan 6 kəndi – red.) Azərbaycana verməyə razılaşacaq. Həmçinin Paşinyan Mehri dəhlizinin açılmasına razılıq verəcək. Bunun adı yol olacaq, reallıqda isə Azərbaycan və Türkiyənin nəzarətində olan bir dəhliz kimi fəaliyyət göstərəcək. Bundan başqa, Artsaxın işğal edilmiş ərazilərində (Azərbaycanın işğaldan azad etdiyi rayonlar nəzərdə tutulur – red.) mina xəritələrinin Azərbaycana verilməsi məsələsi razılaşdırılacaq. Amma Artsaxla (Qarabağla – red.) bağlı hər hansı bənd heç bir razılaşmada qeyd edilməyəcək.

Bununla belə, Paşinyan bu nəticəni qələbə kimi qeyd edəcək. Çünki bütün bunların əvəzində Azərbaycan hərbi əsirləri geri qaytarmağa razılaşacaq və Sünikdə (Zəngəzur – red.) ələ keçirdiyi Ermənistan ərazilərindən geri çəkiləcək”.

Yerli mətbuatın iddia etdiyinə görə yaxın günlərdə bu detalları nəzərdə tutan sənəd imzalanacaq. Bir müddətdən sonra isə yekun sülh sazişi imzalanacaq./bizimyol.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password