Rəsmi məlumat gecikirsə, jurnalist nə etməlidir – Xəzər, yanğın, həyəcan
Vüqar Zifəroğlu: “Heç bir dövlət qurumu jurnalistlərin həyatını risk altına atıb, dərhal həmin yerə ezam olunmalarına və oradan canlı bağlantı etmələrinə, reportaj hazırlamalarına şərait yarada bilməz”
Dünən axşam saatlarında Xəzər dənizində güclü partlayışla bağlı videonun sosial şəbəkədə yayılmasından sonra rəsmi qurumların ictimaiyyətə açıqlama verməkdə gecikməsi, verilən məlumatların bir-birini təkzib etməsi, qeyri-dəqiqlik, jurnalistlərin rəsmi xəbərlərlə kifayətlənməsi müzakirələrə səbəb oldu. Kimi jurnalistlərimizi bacarıqsızlıqda qınayarkən, kimi də onların fəailiyyət göstərdiyi media qurumlarının imkanlarının məhdud olmasını əsas gətirməklə müdafiə etdi.
Məlumdur ki, rəsmi qurumlar bir çox hallarda informasiya verməkdə gecikir və ya qeyri-dəqiq məlumatlarla ictimaiyyətdə çaşqınlıq yaradır. Bu zaman isə bütün gözlər jurnalistlərə zillənir. Hər kəs dəqiq və dolğun xəbəri onlardan gözləyir.
Bu müzakirlərlə bağlı Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, jurnalist Vüqar Zifəroğlu ilə həmsöhbət olub:
– Vüqar müəllim, dünən Xəzər dənizindən çəkilmiş və sosial mediada yayımlanan güclü yanğın, bundan sonra ictimaiyyətin narahatlığı və rəsmi qurumların açıqlaması fonunda media qurumlarımızda fəaliyyət göstərən jurnalistlərin imkan və bacarıqları müzakirə obyektinə çevrildi. Rəsmi məlumat gecikirsə, jurnalist nə etməlidir?
– Hansısa hadisə baş verdiyi zaman jurnalistlər ilk növbədə rəsmi qaynaqlarla işləyirlər. Bu zaman ya rəsmi məlumatları gözləyirlər, ya da rəsmi qaynaqlara müraciət edib cavab alırlar. Bu, çox önəmlidir. Yəni burada rəsmi qaynaqlarla iş prosesi son dərəcə vacib məqamdır. Digər bir məsələ də informasiyanın leqallaşdırılmasıdır. Bu halda məsələn, jurnalist hansısa qeyri-rəsmi mənbədən məlumat əldə edibsə, o, bu məlumatı əldə etdikdən sonra dərhal paylaşmamalıdır. Həmin məlumatı dəqiqləşdirməlidir. Jurnalistikanın qızıl qaydalarından biri məlumatın 3 rəsmi mənbədən dəqiqləşdirildikdən, təsdiqini tapdıqdan sonra paylaşılmasıdır. Jurnalistin hüququ var ki, hansısa xəbərlə bağlı cavabdeh olan quruma müraciət etsin, sorğu göndərsin.
Dünən Xəzərdə vulkan püskürməsi ilə bağlı məsələdə biz problemi daha çox sosial mediada gördük. Jurnalistlərimizlə, internet saytlarımızla bağlı bir problem olmadı. Biz sosial mediada manipulyasiyaya şahidlik etdik. Bu da təbiidir, çünki sosial media təbiət etibarı ilə manipulyasiyaya açıqdır. Yəni şayiə, dezinformasiyalar orada daha tez yayıla bilir və özünə müəyyən qədər əhatə də qazana bilir. Bu, professional medianın deyil, sosial medianın problemidir.
– Auditoriyanın adətən belə bir gözləntisi olur ki, jurnalist hadisə yerində olsun, canlı bağlantı etsin…
– Burada təhlükəsizlik məsələsinə əməl edilməsi ilə bağlı meyarlar da var. Təbii ki, heç bir dövlət qurumu jurnalistlərin həyatını risk altına atıb, dərhal həmin yerə ezam olunmalarına və oradan canlı bağlantı etmələrinə, reportaj hazırlamalarına şərait yarada bilməz. Çünki dövlət qurumu həm də jurnalistin təhlükəsizliyinə cavabdehlik daşıyır. Qeyd edim ki, jurnalistin təhükəsizliyinin təmin edilməsi məsələsi bir sıra beynəlxalq sənədlərdə əksini tapıb. Burada jurnalistin iş fəaliyyəti ilə bağlı Avropa Şurası Parlament Assambleyasının, UNESCO-nun, ATƏT-in qəbul etdiyi sənədləri nəzərdə tuturam.
Burada məsələ cavabdeh qurumun məsələyə zamanında reaksiya verməsi ilə bağlıdır. Məsələn, rəsmi açıqlamanın yayılması, press-relizin hazırlanması, qısamüddətli bir brifinq təşkil edilməsi mümkündür. Ümumiyyətlə, bu gün istifadə edə biləcəyimiz alətlər çoxdur. Bütün bunlar da sosial mediada şayiələrin yayılmasının qarşısını ala bilər. Çəkiliş, hadisə yerindən reportajın hazırlanması təhlükə sovuşduqdan sonra mütləq edilməlidir.
– Bu cür hallarda jurnalistlərimiz operativ olmamaqda qınanılır. Siz necə hesab edirsiniz?
– Mən deməzdim ki, bizim jurnalistlər operativ deyillər. Peşəkar jurnalist hər zaman bu dilemma ilə qarşı-qarşıya qalır: dəqiqlik, yoxsa operativlik? Bu dilemma jurnalistika nəzəriyyəçiləri tərəfidən hər zaman ciddi müzakirə olunur. Yəni bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Təbii ki, peşəkar jurnalist və brend media quruluşu ilk növbədə öz imzasını və öz adını düşünür. Bu mənada peşəkarlıq dəqiqliyi ön plana çıxarır, nəinki operativliyi. Çünki operativlik bəzən qeyri-dəqiq və ya natamam informasiyanın yayımlanmasına səbəb ola bilər ki, bunun özü həmin media qurumu üçün minusdur.
PR-da biz deyirik ki, tam verilməyən informasiyanın özü də qeyri-dəqiq informasiya hesab oluna bilər. Bu mənada dəqiqlik son dərəcə önəmli və vacib məqamdır. Şəxsən mən özüm də dəqiqlik və opeativlik arasında seçim edəsi olsam, birmənalı şəkildə dəqiqliyə üstünlük verərəm. Çünki jurnalistikanın qızıl qaydası məhz rəsmi qaynaqlardan, ən azı 3 mənbədən təsdiqini tapmış xəbəri paylaşmaqdır. Bu, jurnalistikanın həm qaydası, həm də sosial məsuliyyətindən irəli gələn bir məqamdır./ayna.az