Sexlər şərab zavodlarını sıxışdırır – “Milas”dan düzəldilən “araqlar” xəstəlik mənbəyidir
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda araq istehsalı 2020-ci ilin müvafiq aylarına nisbətən 51% azalıb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Spirtli içki istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, araqdan istifadə bundan üç dəfə çox olub. Xüsusilə, bu rəqəm qərb bölgəsində daha çoxdur. Çünki, alkoqollu içkilərə ən çox pul xərcləyən region Gəncə-Qazax iqtisadi rayonudur. Dövlət Statistika Komitəsinin məlumatına görə, digər rayonlarda alkoqollu içkilərdən istifadə istehlak xərclərinin cəmi 0,3 %-ni təşkil edirsə, bu rəqəm Gəncə-Qazax iqtisadi rayonunda 0,7%-dir. Belə vəziyyət isə sual doğurur. Araq istehsalı azalıbsa, bu içkini qəbul edənlərin sayı və ya bu sahəyə dair vergi tutumu nədən azalmayıb?
Vəziyyəti izah edən mənbənin fikirinə görə, araq istehsalının azalmasına dair Dövlət Statistika Komitəsinin məlumatı ölkənin iri şərab zavodlarını əhatə edir. Həmin böyük şərab zavodlarının istehsal etdiyi məhsulların spirti Ukrayna və Belarusiyadan gətirilir. Hazırkı bazar qiyməti ilə götürdükdə, Ukrayna və Belarusiyadan gətirilən spirtdən düzəldilən 0,5 litrlik araqların ən aşağı qiyməti 8 AZN civarında olmalıdır. Pandemiya dövründə toyların olmaması, digər tərəfdən şərab zavodlarının istehsal etdiyi araqların maya dəyərindən asılı olaraq, baha qiymətə başa gəlməsi alıcılıq qiymətinə təsir edir. Bu halda şərab zavodları istehsalı azaltmaq məcburiyyətində qalırlar, bəzən də işləmirlər.
SEXLƏRDƏ “MİLAS”DAN DÜZƏLDİLƏN “ARAQLAR” XƏSTƏLİK MƏNBƏYİDİR
Saytımızı məlumatlandıran mənbənin bildirdiyinə görə, belə davam edərsə və buna aidiyyatı qurumlar müdaxilə etməzsə, bölgələrdə, eləcə də Bakıda mağazaların vitrinlərini bəzəyən 0,5 litri 7-8 AZN-dən aşağı satılan araqlar onlarla xəstəliyin yaranmasına səbəb olacaq.
Bakıda və bölgələrdə 0,5 litri 3-3,5 AZN -ə satılan araqların spirti İmişli rayonunda pazıdan (çuğundur) qıcqırdılaraq alınır. İlkin olaraq, 28 qradusa, ikinci halda aparat tərəfindən sıxılaraq 40 qradusa yaxınlaşdırılan spirtdən hazırlanır. Bu spirtin adı isə “Milas” dır. Çuğundurdan alınan “Milas” spirti araq istehsalında deyil, adətən şaxtalı və soyuq qış aylarında təyyarələrin, hərbi maşınların detallarını silmək üçün nəzərdə tutulmuşdur.
QİYMƏTİ 3-3,5 AZN ARASINDA DƏYİŞƏN ARAQLAR HARADA VƏ NECƏ HAZIRLANIR
Ölkəmizdə fəaliyyət göstərən şərab zavodları texniki spirtdən araq istehsal etmirlər. Məlumata görə, çuğundur qıcqırmasından alınan “Milas” spirti ancaq sexlərdə realizə olunur. Qiyməti 3-3,5 AZN arasında dəyişən bu kateqoriyadan olan araqlar demək olar, ölkənin dörd bir tərəfində fəaliyyət göstərən sexlərin məhsuludur. 2-3 şəxslə bir neçə texnoloji prossesi həyata keçirmədən, sanitariya qaydalarına əməl etmədən “araq” istehsal edən sexlərin “məhsulları” serroz, yaddaş pozğunluğu, mərkəzi sinir sisteminin zədələnməsi, psixoloji pozğunluq, böyrək, mədə, mədəaltı vəzin sıradan çıxmasına, hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur.
Digər mənfi təsir ondan ibarətdir ki, sənayedə istifadə olunması üçün nəzərdə tutulan “Milas” spirtindən düzəldilən “araqlar” demək olar, redifikat aparatları olmayan sexlərdə istehsal olunduğundan son illər araqdan zəhərlənmələr hədsiz dərəcədə artıb, insanların görmə qabiliyyəti itib. İnternet üzərindən axtarış verdikdə, buna dair mətbuatda onlarla nümunəyə rast gəlmək olar (Axtarış: “Araq içdi, gözü tutuldu”).
Saytımızı məlumatlandıran mənbə onu da qeyd edir ki, araq istehsalı üçün texnoloji prosesi sexlərdə qurmaq çox çətindir. Dəyəri yüz min manatlarla ölçülən redifikat aparatları olmayan belə yerlərdə araq istehsalının bir neçə lazımlı texnoloji prosesdən keçib, şüşələrə doldurulmasını təsəvvür etməyin özü qorxuludur.
KTN TƏXRƏSALINMAZ TƏDBİRLƏR HƏYATA KEÇİRMƏLİDİR
İnkişaf etmiş ölkələrdə, hətta Rusiyanın özündə hökumət çörək, dərman və araq istehsalçıları üzərində ciddi nəzarət mexanizminə malikdir. O cümlədən, inkişaf etmiş ölkələrdə spirtli içkilərin istehsalı ilə şərab zavodları məşğuldur. Sexlərdə araq istehsal etmək qadağan olunur. Hətta, şərab zavodlarının texnoloji proseslərini həyata keçirmək imkanları aşağı səviyyəli olduğu müəyyənləşdirildikdə, zavoda lisenziya verilmir. Bir neçə nəzarətedici qurumun koordinasiyalı rəyi əsas götürülməsə, şərab zavodunun qapısı illərlə bağlı qalır. İnsan sağlamlığı üçün önəm kəsb edən istehsal sahələrinə xüsusi diqqət yetirilir.
Azərbaycanda da bu sahədə qayda-qanun yaradılması üçün illər əvvəl təxirəsalınmaz tədbirlər həyata keçirilməli idi. Təəssüf ki, bu baş vermədi və araq istehsalı üçün keçərli olan 5 illik lisenziyanı “stadion bileti” kimi, kim istədi Kənd Təsərrüfatı Nazirliyindən ala bildi. İndi heç kimi düşündürmür ki, 0,5 litri 3-4 AZN-ə satılan araqların istehsalı hansı spirt hesabına başa gəlir.Digər tərəfdən 1litr arağın 3.20 manat lisenziyası varkən 2.80 AZN-ə satılan araqla bu necə qarşılanır. Eləcə də, 18% əlavə dəyər vergisi, daşınma xərci, arağın suyu, sexdə çalışan işçilərin əmək haqqısı, işıq, qaz və digər bir neçə xərc mövcud olduğu halda, 0,5 litrlik arağın satış qiyməti 3-4 AZN necə ola bilir?!
Elə bu məntiq arağın maya dəyərinin əsasını təşkil edən spirtin texniki olması qənaətini bir daha gücləndirir. Odur ki, KTN təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Lisenziyaların verilməsi ciddiləşdirilməlidir, sexlərə araq istehsalı üçün lisenziya verilməsinə yenidən baxılmalıdır.
Onu da qeyd edək ki, bundan öncə bir neçə dəfə Qazax, Ağstafa, Tovuz rayonlarında saxta spirtli içki istehsalına dair yazı yayımlamışıq./faktinfo.az