Qarabağa təşkil ediləcək turların detalları açıqlandı

 

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən “Yolumuz Qarabağa” adlı turizm marşrutları konsepsiyası hazırlanıb və təqdim olunub.

Bu barədə açıqlama verən Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib ki, konsepsiya üzrə “Yolumuz Füzuliyə” və “Yolumuz Ağdama” adlı iki əsas marşrut xətti seçilib.

Sektor müdirinin sözlərinə görə, turlar çərçivəsində bu gün Ağdamda səfər edilə biləcək ərazilər və paralel olaraq erməni vandalizminə məruz qalan yerlərin göstərilməsi nəzərdə tutulur.

“Turlar əsasında səngər və bunkerlərin, müəyyən qəbiristanlıqların nümayiş etdirilməsi planlaşdırılır. Konsepsiyaya əsasən, məqsəd ilkin olaraq daha çox dünya mediasına bu ərazilərlə bağlı məlumatların çatdırılmasıdır. Daha sonra isə Əlaqələndirmə Qərargahının rəyi ilə proses müzakirə ediləcək. Təhlükəsizlik səviyyəsi nəzərə alınmaqla mümkün olduğu zaman müvafiq marşrutlar üzərindən turlar təşkil olunacaq. Turların keçiriləcəyi tarix və şərtlər barədə isə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Elgün Cavadov vurğulayıb ki, turlarda həm yerli, həm də əcnəbi turistlər iştirak edə biləcəklər:

“Hazırkı mərhələdə müxtəlif qurumlar tərəfindən həmin ərazilərə media nümayəndələrinin səfərləri təşkil olunur. Səfərlər çərçivəsində marşrutlar təklif edirik. Bu marşrutlar hazırlanarkən müəyyən komponentlər nəzərə alınır. Bu zaman həm bu günə əlimizdə qalan milli sərvətlər, həm də erməni vandalizminin nümunələri göstərilir. Təklif etmişik ki, həmin ərazilərə həm yerli, həm də xarici media nümayəndələri cəlb olunsun. Gələcəkdə blogerlərin də ərazilərə səfərləri təşkil olunmaqla dünya ictimaiyyətinə mümkün qədər daha çox informasiyanın çatdırılması nəzərdə tutulur”.

Qarabağla əlaqədar məzmunların çoxaldılmasının əsas məqsədlərdən biri olduğunu deyən Turizm Agentliyi rəsmisi əlavə edib ki, post-müharibə dövründə müharibənin 30 illik işğalın nəticələrinin göstərilməsi üçün məzmun çoxaldılmalıdır:

“Bu gün xarici mediada və ya müxətlif resurslarda erməni vandalizmi ilə bağlı məlumatlar kifayət qədər deyil. Xarici dildə olan məlumatların çoxu Azərbaycan dövləti tərəfindən verilmiş kontentlərdir”.

O qeyd edib ki, həmin marşrutlar yerli şirkətlərə açılacağı təqdirdə Dövlət Turizm Agentliyi də turlara qoşulacaq:

“Hər bir şirkət və nümayəndələrlə, eləcə də bələdçilərlə bağlı müəyyən qaydalar hazırlanıb və təqdim edilib. Turlar həmin qaydalar çərçivəsində baş tutacaq. Bu turlarda müəyyən qaydalara əsaslanan təlimlərdən keçmiş bələdçi, sürücü və tur təşkilatçıları iştirak edəcəklər. Yəni, proses sərbəst şəkildə olmayacaq. Hazırda layihəyə başlanılması real görünmür. Çünki, ərazidə infrastruktur layihələri aparılır. Görülən işlərə mane olmamaq, oradakı müəyyən yolların abadlaşdırılması baxımından ərazilərin minalardan təmizlənməsi təmin olunduqdan sonra turlara başlaya biləcəyik”./oxu.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password