Koçaryan 300 min nəfərlik qüvvə ilə Paşinyana qarşı: Ermənistanda nə dəyişəcək?
“Ermənistan” bloku 20 iyun səsverməsinin nəticələrinin etibarsız elan edilməsi tələbi ilə yaxın günlərdə Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Erməni mediasının xəbərinə görə, bu barədə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi blokun yaydığı məlumatda deyilir.
“Blok təxminən 300 min səs topladı və bu səslərə mütləq sahib çıxacaq, seçicilərinə xəyanət etməyəcək. Mübarizəmiz davam edəcək”, – məlumatda bildirilir.
Bəyanatda vurğulanır: “Bu hökumətin tolerantlığı məhdudlaşdırılmalı, onların Ermənistandakı ən korrupsiyalı hökuməti təmsil etdiklərini sübut etməliyik”.
Ermənistanın ictimai fəalları “Telegram”dakı kanlarda etdikləri paylaşımlarında vurğulayırlar ki, Konstitusiya Məhkəməsinə ediləcək müraciətlər heç bir nəticə verməyəcək. Çünki hazırda bütün dövlət qurumları Paşinyan hakimiyyətinin tapşırıq və sifarişlərini yerinə yetirirlər.