Sosial sığorta şəhadətnamələrinə əlvida: Bəs bundan sonra?
Yeni dövr yeni qaydalar tələb edir – nələr aradan çıxır, nələr onların yerini dolduracaq…
2006-cı ildən tətbiq olunan sosial sığorta şəhadətnamələri ləğv olunur. Yeniliyə əsasən, həmin şəhadətnaməyə dair müddəalar da qanunvericilik aktlarından çıxarılıb.
Bu qərar cəmiyyətdə bir qədər çaşqınlıq və çoxsayılı suallar yaradıb. Sosial sığorta şəhadətnamələrini əvəz edəcək hansı sənədlər təqdim olunacaq? İş yerlərini dəyişən zaman onlar sosial sığorta şəhadətnaməsi əvəvzinə hansı sənədi yeni iş yerinə təqdim etməli olacaqlar?
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili açıqlamasında 2011-ci ildən sosial sığorta yığımında fərqli uçot sistemi tətbiq olunaraq, hər kəsə bununla bağlı sosial sığorta şəhadətnaməsinin verildiyini xatırladıb: “Plastik kart formasında olan şəhadətnamələrin isə bu vaxta qədər heç bir funksiyası olmayıb. Heç bir əməliyyat aparılmayan bu kartlarda əhəmiyyətli olan hissə üzərindəki rəqəmlər olub, üstəlik hər il çap edilməsinə yarım milyon vəsait xərclənib”.
“Bundan sonra kart nömrəsindəki vəsait istifadəçinin “e-sosial.az” elektron hesabında görünəcək. Aparılan sosial islahatların tərkib hissəsi kimi elektronlaşdırma proqramı çərçivəsində fərdi uçot barədə dolğun elektron informasiya bazaları formalaşdırılıb”, – deyə qurum sözçüsü bildirib.
Mehdilinin sözlərinə görə, işçiyə uçot dövründə daimi sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılaraq ödənilən məcburi dövlət sosial sığorta haqları bu hesablarda qeydə alınır: “Elektron sistemdə vətəndaşların daimi sosial sığorta nömrəsinin olmasının kifayət etməsi nəzərə alınaraq, sosial sığorta şəhadətnaməsinin maddi daşıyıcıda çap edilərək təqdim edilməsinə ehtiyac qalmayıb”.
İqtisadçı ekspert Rəşad Həsənov da sosial sığorta şəhadətnamələrinin lazımsız olduğunu deyib: “İnsanlar zamanında öz hesablarını sözügedən şəhadətnamələr vasitəsilə yoxlaya bilirdilər. Eyni zamanda, işəgötürənlər tərəfindən də ödənişlər məhz bu hesablarda toplanır – hansı ki, sözügedən hesablara giriş və həmin hesablara nəzarət, o hesabların nəzarəti vətəndaşların şəxsiyyət vəsiqələrində öz əksini tapan FİN kod hesabına başa gəlir. Bu, o deməkdir ki, artıq sosial sığorta şəhadətnaməsi lazımsızdır”.
“Bütün məlumatların elektronlaşması nəticəsində sosial sığorta şəhadətnamələri artıq xərcə və lazımsız vəsaitə çevrilib. Bundan sonra sosial sığorta şəhadətnaməsində toplanılan vəsaitin şəxsin elektron hesabında görünməsi işləri daha da asanlaşdıracaq”, – deyə həmsöhbətimiz vurğulayıb.
Oxşar fikri şərhində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da səsləndirib: “Yenə də hər kəs işə qəbul olunarkən sosial sığorta nömrəsi əldə etməlidir. Əvvəldən işləyənlərin də sosial sığorta nömrəsi var və onu yeni iş yerinə gedərkən təqdim edə bilər. Hətta o, bunu təqdim etməsə belə, onu elektron sistemdən əldə etmək asan olacaq”.
“Göründüyü kimi, elektron xidmətlərin inkişafı kağız daşıyıcalara tələbatı aradan qaldırır. Bu, həm də bir sıra problemləri həll edir. Belə ki, iş yerini dəyişən şəxslər bəzən sosial sığorta kartlarını itirirlər ki, bu da onların işə düzəlmə prosesində müəyyən ləngimələrə səbəb olurdu”, – deyə Məmmədov əlavə edib./ayna.az