“Bizi bu imtahana Türkiyə Silahlı Qüvvələri hazırlaşdırırdı” – – Müdafiə naziri
“Mülki dillə ifadə etsək, müharibə Silahlı Qüvvələr üçün bir imtahandır. İmtahanı biz verdik, amma bizi bu imtahana Türkiyə Silahlı Qüvvələri hazırlaşdırırdı. Bizim zabitlər Türkiyədə hərbi təhsil alırdı, hissə və birləşmələrimiz təlimlər keçirdi”.
Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real” TV-yə müsahibəsində deyib.
“Möhtərəm cənab Prezident keçən il çıxışında hərbi əməkdaşlıqdan danışarkən dedi ki, təkcə 2019-cu ildə 13 irimiqyaslı birgə hərbi təlimlər keçirilib. Bu təlimlər ona görə keçirilirdi ki, Türkiyə Silahlı Qüvvələrinin zabitləri bizim zabitlərin döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün dəstək olurdular. Azərbaycan zabitinin, Azərbaycan Ordusunun döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələrinin böyük rolu var” – deyə Zakir Həsənov bildirib.
“Bizim çoxlu sayda zabitimiz Türkiyənin hərbi məktəblərində təhsil alıb. Bizim təlim mərkəzlərində təlim keçiblər. Bunların hamısının nəticəsi olaraq Azərbaycan Ordusunun hissə və birləşmələri – Azərbaycan əsgəri və Azərbaycan zabiti döyüşlərdə yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirdi. Bunun nəticəsi də göz qabağındadır. Bu gün bütün dünya Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatları dərindən öyrənməkdədir. Bununla bağlı bizə çoxsaylı müraciətlər daxil olub. Amma təbii ki, biz məxfilik məsələlərini nəzərə alaraq öz təcrübəmizi yaxın dostlarla bölüşməyə hazırıq”, – nazir əlavə edib.