Operativ Qərargahdan məntiqsiz qadağa: Bunun izahı yoxdur
Qərar təkcə anlamsız deyil, həm də əksinə, virusun daha çox yayılmasına rəvac verə bilər
Geyim satışı üzrə ixtisaslaşmış satış nöqtələri bir müddətdir yalnız onlayn fəaliyyət göstərirdi. Sonra, nəhayət müştərilərə həmişəki kimi xidmət göstərmələrinə icazə verildi. Ticarət mərkəzlərinə gəlincə, içlərisindəki mağazalar yalnız bu yaxınlarda – 10 iyun tarixində açıldı.
Ticarət sahəsinin praktik olaraq pandemiya vəziyyətindən əvvələ döndüyü görünürdü, amma əslində yalnız görünrdü, belə deyildi. Tezliklə “Ticarət və xidmət sahələrinin müxtəlif sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVID-19) qarşısının alınmasına dair metodiki göstərişlər” dərc olundu. Burada, xüsusilə mağazalarda geyinmə-soyunma otaqlarından istifadənin qadağan olunduğu bildirildi.
Bir anda iki məntiqi sual yaranır: paltarı geyinmədən necə almaq olar? Qadağanın mənası nədir? Əməkdaşımız qadağadan sonra paltar ticarətinin necə getdiyini öyrənmək məqsədilə bir neçə mağazanı ziyarət edib.
Bəzilərində uyğun otaqların qapıları açıq idi və divarda pandemiya ilə əlaqədar mağazada paltar geyinib-soyunmasını qadağan edən bir göstəriş var idi. Alıcılar asqılardan paltar götürür, güzgüyə yaxınlaşaraq necə görünəcəklərini anlamağa çalışırdılar və daha çox onları yerinə qaytarırdılar. “Bəs, paltarları harada geyinib baxaq? Kassanın yanında?”, – deyə qəzəblənirdilər.
Əlbəttə ki, bir paltarı ala bilər, sonra ölçüsü uyğun gəlmirsə, qaytarıb pulunuzu geri ala və ya başqa birinə dəyişdirmək olar. Ancaq mağaza yaşayış yerinizdən uzaqdadırsa…?
Yeri gəlmişkən, ticarət mərkəzlərində fürsətcil alıcılar problemdən həll yolu tapırlar – paltarı ticarət mərkəzində yerləşən tualet kabinəsində də geyinib, yoxlayanlar var. Və uyğun olmadıqda paltarları elə yerindəcə geri qaytarırlar. Amma bu metod digər pərakəndə satış yerlərində işləmir.
Lakin bütün mağazalar qadağaya əməl etmir, bəzilərində satın almadan əvvəl problemsiz paltarları geyinə bilərsiniz. Deyim ki, oradakı ticarət daha aktiv gedir və bu, qanun pozuntusu olsa da, alıcılar çox minnətdardırlar. Satıcılar üçün, öz növbəsində, əsas şey malların satılmasıdır, çünki çoxdandır ki, işsiz oturmuşdular.
Amma alıcı sayı indi çox deyil. Çünki paltarların qiymətləri, hətta keçənilki kolleksiyalara görə də “cib yandırır”. Ancaq endirimlər zamanı sözügedən qadağa qüvvədə qalacaqsa və hər yerdə riayət olunacaqsa, geri qaytarma və ya mübadilə üçün kassalarda hansı növbələrin olacağını təsəvvür etmək çətin deyil. Alıcıların böyük bir hissəsinin, demək olar ki, tamamilə simvolik olaraq, çənələrində tibbi maskalar taxdıqlarını nəzərə alsaq, kassa qarşısında növbədə koronavirusa yoluxma ehtimalının bir nəfər üçün nəzərdə tutulmuş geyinib-soyunma otağından daha çox olduğu aydın olur.
“Medprosvet” MMC-nin baş direktoru, terapevt Zaur Orucov sözügedən qadağanı tamamilə cəfəngiyat hesab edir. O, açıqlamasında deyib ki, bu qərar biznesin qarşısını almaqdan başqa bir işə yaramır: “Geyinib-soyunma otaqları bütün digər mağaza fəaliyyətlərinə nisbətən daha riskli deyil. Əsas odur ki, mağazanın insanların daxil ola biləcəyi bütün otaqlar müasir havalandırma və CO2 sensorları ilə təchiz olunsun, ziyarətçilər və satıcılar maska taxsınlar”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da şərhində qeyd olunan qadağanı mənasız adlandırıb: “Bu qadağa ilə əlaqədar şikayətlər var onların sayı artacaq. Bu, istehlakçıların hüquqlarını pozur. Həm də geyinib-soyunma otaqları heç bir risk daşımır, çünki adamlar orada tək olurlar”.
“Yəni bir çox insan mağazada gəzəndə yoluxma riski yoxdur, amma tək girdiyi soyunub-geyinmə otağında var? Bu, məntiqsizdir. Qadağa, malları geri qəbul etməkdən imtina edən pərakəndə satış nöqtələri üçün faydalıdır. Bəzi böyük mağazalar da bu yola əl atır, malı geri götürməməyin müxtəlif səbəblərini tapır. Bəzən alıcılar çeklərini itirirlər və onsuz mallarını dəyişdirə və ya pullarını geri ala bilmirlər”, – deyə həmsöhbətimiz bildirib.
Hüseynov istehlakçılara qəbzləri alış tarixindən etibarən iki həftə atmamağı və paltarı mağazadan aldıqları formada saxlamağı məsləhət görür: “Hüquqlarının pozulması ilə qarşılaşdıqları təqdirdə İqtisadiyyat Nazirliyinin “qaynar xətt”inə müraciət etsinlər və ya bizim təşkilata məlumat versinlər”.
Bu qadağanın uzun sürəcəyi ehtimalı azdır, buna heç olmasa inanmaq istəyirik. Tezliklə ləğv edilməzsə, onlardan daha sərfəli olduqları üçün onlayn alışların artmasına təkan verəcək. Vətəndaşların müəyyən bir hissəsi, nisbi şəkildə şişirdilmiş qiymətlərə baxmayaraq, alış-veriş etməzdən əvvəl paltarları əyninə geyinmək imkanına görə adi mağazalarda alış-veriş etməyi üstün tutur. Belə bir fürsətdən məhrum olsalar, məcburən internetdə alış-verişə çıxacaqlar./ayna.az