AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda
Futbol üzrə Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib.
III turda İspaniya Slovakiya ilə üz-üzə gəlib.
Sevilya şəhərində “Estadio La Cartuja” stadionunda keçirilmiş qarşılaşma ispanların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniyanın heyətində Alvaro Morata 12-ci dəqiqədə penaltidən yararlana bilməyib. 30-cu dəqiqədə slovakiyalı qapıçı Martin Dubravka avtoqol müəllifi olub. 45+3-cü dəqiqədə Emerik Laport, 56-cı dəqiqədə Pablo Sarabiya, 67-ci dəqiqədə isə Ferran Torres rəqibi məyus edib. 71-ci dəqiqədə isə Yuraj Kuçka topu öz qapısına vurub.
Xallarının sayını 5-ə çatdıran İspaniya qrup ikincisi kimi 1/8 final mərhələsinə vəsiqə qazanıb. Luis Enrikenin baş məşqçi olduğu kollektiv növbəti raundda Xorvatiya ilə üz-üzə gələcək.
Qrupun digər görüşündə İsveç Polşa ilə qarşılaşıb. Rusiyanın Sankt-Peterburq şəhərindəki oyun 2:2 hesabı ilə bitib. İsveçin heyətində Emil Forsberq 2 və 59-cu dəqiqədə fərqlənib. Robert Levandovski 61-ci dəqiqədə fərqi azaldıb, 84-cü dəqiqədə isə bərabərlik qolunu vurub. 90+4-cü dəqiqədə Klasson oyunda son nöqtəni qoyub. İsveç 7 xalla qrup lideri kimi mərhələ adlayıb və komandanın rəqibi daha sonra bəlli olacaq.
Slovakiya E qrupunu 3 xalla üçüncü, Polşa isə 1 xalla 4-cü pillədə bitirib. Hər iki komanda qrupda qalıb.
Bu qrupdakı nəticələr C qrupunda mübarizə aparan Ukraynaya sərf edib. Andrey Şevçenkonun baş məşqçi olduğu komanda ən yaxşı üçüncü yerin sahibi kimi növbəti mərhələyə vəsiqəni təmin edib.
Avropa çempionatı
E qrupu, III tur
20:00. İsveç – Polşa – 3:2
Qollar: Emil Forsberq, 2. 59. Klasson, 90+4 – Robert Levandovski, 61. 84
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, “Sankt-Peterburq Arena”
20:00. Slovakiya – İspaniya – 0:5
Qollar: Martin Dubravka (avtoqol), 30. Emerik Laport, 45+3. Pablo Sarabiya, 56. Ferran Torres, 67. Yuraj Kuçka (avtoqol), 71
Qeyri-dəqiq penalti: Alvaro Morata, 12
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya, “Estadio La Cartuja” stadionu
Xal durumu: İsveç – 7, İspaniya – 5 Slovakiya – 3, Polşa – 1