190 manat məsələsinə rəsmi münasibət: “DB-nin layihəsi bizi qane etmədi”
“Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan “Sürətli COVID-19 Aləti” layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.
Bunu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mayis Piriyev deyib.
Qurum rəsmisi bildirib ki, lakin kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılmış və bu barədə Dünya Bankına məlumat verilibdir: “Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil”.
Qeyd edək ki, Dünya Bankının rəsmi səhifəsində yayımlanan məlumata görə, Azərbaycanda COVID-19-la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır. Bu ilin sentyabrında işə düşəcək ümumi məbləği 95 milyon dollar olan “Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi”ni Dünya Bankı maliyyənləşdirəcəyi bildirilirdi.
Qeyd olunub ki, layihə çərçivəsində işsizliyə görə ayrıca ödənişin verilməsi nəzərdə tutulur. Dünya Bankının layihəsi 170 min nəfərə 190 manatlıq birdəfəlik ödənişi nəzərdə tuturdu./teleqraf.com