Ermənistan MSK: Paşinyanın partiyası 55 %-lə liderdir
Ermənistanda yerli vaxtla saat 06:10-a olan məlumata görə, Mərkəzi Seçki Komissiyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 86,4 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 808-nin nəticələridir.
Bu barədə “News.am” saytı xəbər verir.
Qeyd edilir ki, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş müqaviləsi” Partiyası 55,02 % (605 741 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu “Ermənistan” blokuna isə seçicilərin 20,41 %-i (224 678 nəfər) səs verib.
Ermənistanda növbədənkənar parlament seçkiləri ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident – atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi qaldırılıb.
Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.