Ədalətsiz peyvəndləmə: Hərə özü üçün

 

EMA-nın təsdiqləmədiyi dərmanlarla peyvəndlənən vətəndaşlara STOP

Son vaxtlara qədər bir fantaziya kimi görünən peyvənd pasportlarının tətbiqi tədricən reallığa çevrilir. Bununla birlikdə, peyvənd sertifikatlarının tanınması məsələsində Avropa Birliyi (AB) “hərə özü üçün” prinsipi ilə hərəkət edir. Eyni zamanda, Birlik səlahiyyətliləri yalnız Avropa tənzimləyicisi tərəfindən təsdiqlənmiş peyvəndlərlə aşılananlara giriş icazəsi verməyi təklif edirlər.

Yəni, AB ərazisinə daxil olmaq üçün Avropa tənzimləyicisi – Avropa Dərmanlar Agentliyi (EMA) tərəfindən istifadə üçün təsdiq edilmiş bir dərmanla aşılanmalısınız. Bu gün EMA yalnız dörd peyvəndi təsdiqləyib – “Pfizer/BioNTech”, “Moderna”, “AstraZeneca” və “Janssen”. Rus peyvəndi “Sputnik V”-nin istifadəsinə bu günə qədər yalnız iki AB ölkəsində – Macarıstan və Slovakiyada icazə verilir.

Yeri gəlmişkən, Azərbaycanda bu dərmanla aşılanma sürətlə davam edir. Ölkəyə daha 40 min doza “Sputnik V” peyvəndi gətirildi. Ümumilikdə, bu gün ölkədə bu peyvəndin 80 min dozası var. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiyanın “HUMAN VACCINE LLC” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 300 min doza “Sputnik V” peyvəndi Azərbaycana tədarük ediləcək. Peyvəndin ilk partiyası (40 min doza) Azərbaycana mayın 2-də gətirilib.

Ölkəmizdə COVID-19-a qarşı dörd peyvənd istifadə olunur: Çinin “Sinovac Biotech” (SVA.O) şirkəti tərəfindən istehsal olunan “CoronaVac”, İngiltərə və İsveç alimləri tərəfindən Oksford Universitetində hazırlanan “AztraZeneca” (Vaxzevria), Rusiyanın Qamaley institutu tərəfindən hazırlana “Sputnik V”, Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanan “Pfizer”.

 

“Vətəndaşlar Azərbaycanda istifadə olunan, hər biri artıq effektivliyini sübut etmiş dörd peyvənddən hər hansı birini seçə bilərlər”, – deyə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihə koordinasiya şöbəsinin müdiri Səbinə Babazadə bildirib.

Başqa bir sual EMA tərəfindən təsdiqlənməmiş dərmanlarla aşılanan vətəndaşların AB ölkələrini ziyarət edə biləcəkləri məsələsidir. Avropa Komissiyasının bəzi millət vəkilləri, hətta səlahiyyətli Avropa orqanları tərəfindən təsdiqlənməmiş dərmanlarla aşılanan AB vətəndaşlarını “qorumağı” təklif edirlər. Avropa Birliyi vətəndaşlarının Birlik xaricindəki ölkələrdə koronavirus infeksiyasına qarşı aşılanmasından narahatlığını ifadə edən Avropa Parlamentinin italiyalı üzvü İqnazio Corraonun çıxışını xatırlamaq yerinə düşər.

Başqa sözlə, təsdiqlənməmiş dozada peyvənd almış vətəndaşlarımız hələ də “Köhnə dünya” ölkələrinə girə bilmirlər, halbuki hər şeyin hələ qabaqda olduğu və ölkəmizdə istifadə olunan ayrı-ayrı dərmanların Avropada “yaşıl işıq” alacağı gözləniləndir. Proses tədricən yerindən tərpənir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyun ayının əvvəlində, “CoronaVac” peyvəndini təcili istifadə üçün təsdiqlədi, ölkələrə, sponsorlara, satınalma qurumlarına və icmalara təhlükəsizlik, effektivlik və istehsal üçün beynəlxalq standartlara cavab verdiyinə əminlik verdi.

Bundan əlavə, EMA nümayəndəsi Marko Kavaleri qurumun müfəttişlərinin Rusiyanın “Sputnik V” peyvəndinin istehsal olunduğu müəssisələrdə yoxlamanı başa çatdırdıqlarını söyləsə də, rus dərmanının təsdiqlənməsi üçün sənədin nəzərdən keçirilməsinin vaxtını dəqiqləşdirməkdə çətinlik çəkdi. Ümumiyyətlə, turizm mövsümü onsuz da sürətlə davam edir və peyvənd məsələsində seçicilik, Avropada təsdiqlənmiş peyvəndlərlə aşılanmayan şəxslərin köhnə qitə ölkələrinə girişini çətinləşdirir. Bundan əlavə, Brüsselin yalnız EMA tərəfindən təsdiqlənmiş peyvəndlərə “yaşıl işıq” yandırması qərarı ayrı-seçkilik kimi qəbul edilir.

Adil Qeybulla:

Baş verənləri  şərh edən tibb elmləri doktoru, professor Adil Qeybulla vəziyyəti ədalətsiz və təcili həll tələb edən kimi xarakterizə edib: “Narahatlığa yol verməmək üçün qızıl ortalamaya riayət etmək daha yaxşı olardı – bu baxımdan ÜST tərəfindən dünyanın bütün ölkələrini ziyarət etmək üçün tənzimlənən vahid sənəd forması təqdim edilə bilər. Bundan əlavə, dünyada yeni yaranan virus ştammlarına görə epidemioloji vəziyyət proqnozlaşdırılan deyil”.

Məsələn, virusun yeni Hindistan ştamının necə davranacağı – pandemiyanın dördüncü dalğasına yol açacağı və ya Hindistan daxilində lokallaşacağı bilinmir. Alimlər hazırlanmalı olduğumuz yeni sürprizlər gözləyirlər. Bu baxımdan peyvənd məsələsi xüsusilə aktualdır”, – deyə Qeybulla bildirib.

Alimin fikrincə, dünyadakı mürəkkəb epidemioloji vəziyyəti, həmçinin peyvənd çatışmazlığını nəzərə alaraq, dünya ölkələri seçim edə bilmir və bu məsələdə konsensus axtarılmalıdır.

Azər Allahverənov: “Məlumatları rahat şəkildə əldə etmək mümkün olacaq”

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının qurucusu Azər Allahverənov da peyvəndlərin “özümüzün” və “digərlərinin” vaksinlərinə bölünməsini qəbuledilməz hesab edir. “Çünki dünyada müxtəlif dərmanlardan istifadə olunur və hər bir ölkə öz seçimini edir. “Bumeranq effekti” burada işləyə bilər və əks tədbirlər AB-dən digər ölkələrə miqrasiya axınlarına zərbə vura bilər. Hər halda, Avropa tənzimləyicisinin məhdudiyyətlərinin qəbuledilməz olduğunu düşünürəm”, – deyə o, şərhində qeyd edib.

Bu arada, ÜST-nin rəhbəri Tedros Qebreyesus mütəxəssislərinin “Sputnik V” peyvəndinin ən qısa müddətdə qeydiyyata alınması üçün əllərindən gələni etdiyini deyib. Qebreyesus Sankt-Peterburq İqtisadi Forumunda (SPIEF-2021) “Peyvəndin tanınması cədvəli haqqında konkret bir şey deyə bilmərəm, amma onların (ÜST mütəxəssislərinin) tanınma müddətini sürətləndirmək üçün əllərindən gələni etdiyini bilirəm”, – deyə söyləyib./ayna.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password