“Şuşa bəyannaməsi” ilə Qars müqaviləsinin oxşarlığı: “Azərbaycanın ərazi bütövlüyünə təminat verilir”
Dünən “Şuşa bəyannəməsi” imzalanarkən dövlət başçısı İlham Əliyev bu sənədin tarixi Qars müqaviləsinə istinad etdiyini bildirdi:
“Tarixi Qars müqaviləsi yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu hər iki müqavilənin məzmunundakı oxşarlıq barədə danışıb:
“Azərbaycanın Türkiyə ilə əlaqələri 1918-ci ildən başlayır. İyunun 4-də tərəflər arasında imzalanan Batum müqaviləsinə görə Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam ordusu Azərbaycana gəldi. Beləliklə, torpaqlarımızın ərazi bütövlüyü təmin olundu və Türkiyə ərazimizin bütövlüyünün təminatçısı rolunda çıxış etməyə başladı. Ardınca imzalanan Qars müqaviləsi isə bir növ bu sənədin davamı idi. Şərtlərə görə, Osmanlı dövləti Naxçıvana nəzarət edirdi. Həmçinin Ermənistann Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına hüquqi baxımdan son qoyulurdu. Növbəti bir müddəaya görə isə Qars, Ərdahan və Arazboyu digər torpaqlar Türkiyənin nəzarətinə keçirdi”.
Professor, həmçinin “Şuşa bəyanannaməsi”nin əhəmiyyətindən danışdı: “Bu müqavilə çox mühüm əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünə təminat verilir. Silahlı qüvvələrimiz müasirləşir, komplektləşdirilir. Fikrimcə, “Şuşa bəyannaməsi” Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi baxımından son otuz ilin ən mühüm sənədidir”./sherq.az