“Bu sənəd 300 milyonluq türk dünyasının bir araya gəlməsinə rəvac verəcək.” – Türkiyəli ekspert Şuşa Bəyannaməsi barədə
“Şuşa Bəyannaməsi sadəcə Azərbaycanla Türkiyə arasında qəbul edilən sənəd kimi anlaşılmamalıdır. Gələcəkdə böyük türk dünyasının təməlini qoyan bu sənədin iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə edəcəyinə inanıram”.
Bunu istefada olan kəşfiyyatçı polkovnik, təhlükəsizlik və psixoloji hərb sahəsi üzrə türkiyəli mütəxəssis Coşğun Başbuğ bildirib.
Bu gün Azərbaycanla Türkiyə arasında qəbul edilən Şuşa Bəyannaməsinə mövqe bildirən C.Başbuğun sözlərinə görə, Türkiyə və Azərbaycan respublikaları arasında 1921-ci ildə imzalanan Qars sazişindən sonra, müxtəlif protokollar səviyyəsində sənədlər imzalansa da, Şuşa bəyannaməsi 1994 və 2010-cu ildə iki ölkənin qəbul etdiyi əməkdaşlıq müqavilələri qədər əhəmiyyətli, hətta o sənədlərdən də çox əhatəli və önəmlidir: “İki səhifəlik bu sənəd mənim fikrimcə, hər türk övladının gerçəkləşməsini arzu etdiyi Turan dövlətinin başlanğıcıdır. Bəyannamədə siyasi, iqtisadi, mədəni, təhsil, səhiyyə, hərbi, milli təhlükəsizlik və sair sahələr üzrə birgə əməkdaşlıqdan bəhs edilib. Bu sahələrdə əməkdaşlığın inkişafı əlbəttə çox vacibdir, amma bu sənədin ən önəmli tərəflərindən biri budur ki, biz Qafqaz, Orta Asiya, Şərqi Türküstan, hətta Avropadakı türkmənşəli dövlət olan Macarıstan, eləcə də digər türkdilli toplumlar da birləşməklə NATO səviyyəsində nəhəng bir gücə çevrilə bilərik. Təəssüf ki, bu günə qədər bir çox hücumlarla əlaqədar bu prosesi başlada bilmədik. Hörmətli Ərdoğan və Hörmətli Əliyev bu mərhələyə start verməklə adlarını tarixin şərəf səhifəsinə yazdılar. Bu sənəd 300 milyonluq türk dünyasının bir araya gəlməsinə rəvac verəcək. Doğrudur bundan sonra da bu birliyin əleyhinə olan qüvvələr bir şəkildə maneələr yaradacaqlar. Amma Qarabağ uğrunda 44 günlük savaşla qazanılan qələbə bir daha sübut etdi ki, biz bu maneələri dəf etmək əzmindəyik. Ümid edirəm ki, yaxın zamanda digər türkdilli dövlətlər də bu Bəyannaməyə qoşulacaqlar“.
Ekspert bildirib ki, Bəyannamədə hər iki ölkələrdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, təcavüz edildiyi təqdirdə, beynəlxalq hüququn tələbləri çərçivəsində bir-birlərinə dəstək verməsi də sənəddə ən əhəmiyyətli məsələlərdən biridir: “İki ölkədən birinə edilən hər hansı bir hücumun, digər ölkə üçün də təhlükə olaraq qəbul edilməsi çox önəmli mesajdır. Zatən regionda böyük güc olan Türkiyə və Azərbaycana bundan sonra kimsə kəm gözlə baxa bilməyəcək, gizlində, arxada nə çirkin planlar qursalar belə bunu əsla həyata keçirmək şansları olmayacaq. Hərbi və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin təşviq edilməsi, hərbi təhlükəsizlik əlaqələrinin möhkəmləndirilməsi, hərbi təlim-təhsilin gücləndirilməsinin də sənəddə yer alması və bunun tətbiqi bir millət anlayışımızla bərabər bizdə bir ordu təəssüratını da yaradır. Və bu həmrəyliyin, bu birliyin gələcəkdə böyük və vahid bir türk dövlətində bərqərar olacağına inancım tamdır”.
C.Başbuğ bildirib ki, Bəyannamədə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər də regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır: “Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə inanılmaz üstünlük qazandıracaq. İki qardaş ölkə arasında məsafə də yaxınlaşacaq, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunması və inkişaf etdirilməsi, yeraltı zənginliklərin türk dünyasından keçməsi, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkənin həm siyasi, həm də iqtisadi qüdrətini artıracaq. Bu da təkcə iki türk dövlətinə deyil, digər türk dövlətlərinə, eləcə də dünyaya əhəmiyyətli dəstək vermiş olacaq”./apa.az