Ərdoğan-Bayden görüşü və Brüsseldən Şuşaya səfər
Brüsseldə Ərdoğan-Bayden görüşü başlayır: bir tərəfdə Oval kabinetə gəlişindən öncə Ərdoğanı devirmək istəyini açıq dilə gətirən ABŞ prezidenti, digər tərəfdə Şərq istiqamətində regional gücə çevrilən Türkiyə prezidenti.
Masada F-35 proqramı, S-400 məsələsi, Yaxın Şərq, Liviya, Şərqi Aralıq, Mərkəzi Asiya, Cənubi Qafqaz var, lakin bunlar pazlın hissələridir.
Böyük tabloda ABŞ-ın Çinə qarşı mübarizəsi var və Bayden Trampın dövründə uzaq düşən “müttəfiqlərini” yenidən bir çətir altına toplamağa çalışır. NATO zirvəsindən öncə keçirilən G7 zirvəsində təqdim edilən Çinin “Bir kəmər, bir yol” layihəsinə qarşı “Dünyanı yenidən daha yaxşı inşa et” planı bu prosesin tərkib hissəsidir.
Bayden Ərdoğandan da eyni cəbhədə yer almasını istəyəcək və ABŞ-ın əsas istəklərindən biri Zəngəzur dəhlizidir. Çünki Vaşinqton Pekinin qarşısını “Bir kəmər, bir yol” layihəsinin quru dəhlizlərinin birləşdiyi habda – Cənubi Qafqazda almaq niyyətindədir: Gürcüstan, Ermənistanda Paşinyan hakimiyyəti və Zəngəzur dəhlizi bu prosesdə ABŞ üçün rıçaqlar ola bilər.
Hərçənd, Baydenin “köhnə dostları” yenidən toplamaq cəhdinin baş tutacağı sual altındadır.
1. Avropa ölkələri Baydenlə eyni kadrda poz versələr də, “Bir kəmər, bir yol” layihəsindən pay götürmək niyyətlərindən əl çəkmir, xüsusilə Almaniya və Fransa. Trampın gəlişindən sonra Avropa ölkələrinin ABŞ-a etibarı azaldı, bu etibarı qaytarmaq istəyən Baydenin isə yaşına görə 4 il sonra yenidən Ağ Evdə qalıb-qalmayacağı bəlli deyil.
2. Ərdoğanın qarşısında onu “devirmək istəyini” dilə gətirən, PKK-nın Suriya qanadı olan PYD/YPG-ni “yerli müttəfiqi” hesab edən, Türkiyənin müstəqil siyasi kursunu qəbul etməyən Bayden var.
Türkiyə-ABŞ münasibətlərindəki çoxsaylı problemlər bir görüşlə həll edilməyəcək. Bu görüş növbəti mərhələdə yumşalmaların başlanğıcı ola bilər, hərçənd, Türkiyənin Britaniya-Çin xəttində müstəqil güc olmaq istiqamətində fəaliyyəti Vaşinqton-Ankara cütlüyünün eyni cəbhədə yer alacağı gözləntilərini sıfırlayır.
Ərdoğanın Baydenlə görüşdən dərhal sonra Azərbaycana gəlməsi və Şuşada böyük müqavilənin imzalanması da Türkiyənin Cənubi Qafqazda Çinə qarşı mübarizəsində yer almayacağı fikrini gücləndirir.
Asif Nərimanlı