İlham Əliyev və Mehriban Əliyeva Rusiya Patriarxına başsağlığı verib

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın Patriarxı Zati-müqəddəsləri Kirillə başsağlığı məktubu göndərib.

Başsağlığında deyilir: “Zati-müqəddəsləri, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbər bizi dərindən kədərləndirdi.

Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq.

Zati-müqəddəsləri, bu kədərli anlarda ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığımızı qəbul edin”.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün həmçinin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Nekroloqda deyilir: “Azərbaycanın pravoslav xristian icmasına ağır itki üz vermişdir. Tanınmış din xadimi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu, Rus Pravoslav Kilsəsinin Şuralararası İdarəsinin üzvü Aleksandr Gennadyeviç İşein 2021-ci il iyun ayının 10-da ömrünün 69-cu ilində vəfat etmişdir.

Aleksandr İşein 1952-ci il iyunun 13-də Rusiyanın Yaroslavl şəhərində anadan olmuşdur. Moskva Ruhani Seminariyasını bitirdikdən sonra o, uzun müddət Şimali Qafqazda din xadimi kimi fəaliyyət göstərmişdir.

1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunmuş, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyanın, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu seçilmiş, daha sonra arxiyepiskop dini rütbəsinə layiq görülmüşdür.

Azərbaycana qəlbən bağlı olan və onu ikinci Vətəni hesab edən arxiyepiskop Aleksandr ölkəmizin ictimai və dini-mənəvi həyatında yaxından iştirak etmiş, dinlərarası və xalqlararası dostluq, qardaşlıq və etimad mühitinin daha da möhkəmləndirilməsinə, cəmiyyətdə konfessiyalararası harmoniyanın və etnik-dini tolerantlığın inkişafına sanballı töhfələr vermişdir.

Aleksandr İşein mötəbər beynəlxalq tədbirlərə qatılaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində diqqətəlayiq xidmətlər göstərmişdir.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Tanınmış din xadimi, xeyirxah və nəcib insan Aleksandr Gennadyeviç İşeinin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Qəbri nurla dolsun!”

Nekroloqu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Əli Əsədov, Sahibə Qafarova, Samir Nuriyev, Eldar Əzizov, Fərəh Əliyeva, Mübariz Qurbanlı, Allahşükür Paşazadə, Milix Yevdayev, Aleksandr Şarovski, Robert Mobili imzalayıblar.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password