Hakimə qərarını geri oxutduran “qəhrəman”… – Və məhkəmələrimizin bitməyən rəzaləti

 

“Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev dedi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apellyasiya şikayəti etmək hüququnuz var. Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib, qətnaməyə başqa şey yazılıb. Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu…”

Bu, çoxsaylı obyektlərində ustaları, fəhlələri işlədib, onların adına tikinti materialları alıb pulunu verməyən BDU-nun keçmiş rektoru, sabiq millət vəkili Abel Məhərrəmova qarşı məhkəmədə iddia qaldıran şikayətçinin sözləridir. Görünür, Abel Məhərrəmovdan və hakimdən bu “qəhrəmanlığı” gözləmirmiş. Yazıq sonradan onunla “gizlənpaç” oynayan hakimin qərarını eşidəndə şoka düşdüyünü deyib. Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin hakimiyyətdə yüksək vəzifə tutanlarla, məmur oliqarxiyası ilə əlaqəsi olmayan sadə təbəqəsi artıq uzun illərdir Azərbaycan məhkəmələrinin, hakimlərinin əməllərindən şoka düşür…

Azərbaycanda artıq iqtisadi, siyasi, hüquqi və s. islahatların elan edilməsindən illər keçir. Buna baxmayaraq, xüsusilə məhkəmə-hüquq sistemində köklü islahatların baş verdiyini demək olduqca çətindir. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı var. Həmin sənədin imzalanmasından 2 ildən çox vaxt keçsə də, orada göstərilənlərin böyük hissəsi həyata keçirilməyib. Nəticədə məhkəmə-hüquq sistemi hələ də vətəndaşların ən çox şikayət etdiyi, insanların həyatını, taleyini qaraldan, onları ölkədən, dövlətdən küsdürən, narazı salan, haqsız, ədalətsiz qərarlar çıxaran və nəhayət, Azərbaycanın dünyada sivil, müasir dövlət kimi tanınmasını əngəlləyən, bir çox hallarda isə onu biabır edən sahə olaraq qalmaqdadır. Bunu təkcə Abel Məhərrəmov kimi adı saxtakarlıq, rüşvət, korrupsiya, harınlıq, özbaşınalıq formasındakı “məziyyətlərlə” paralel çəkilən birisinin hələ də Azərbaycan məhkəmələrini barmağına dolaması, hakimə qərarını geri oxutdurması yox, buna bənzər və bundan da betər çoxsaylı faktlar sübut edir. Bunu Avropa Məhkəməsində Azərbaycan dövlətinə qarşı az qala hər gün kəsilən və dəyəri üst-üstə milyonlarla ölçülən cəzalar və Azərbaycan vətəndaşlarının bu quruma məhkəmələrimizlə bağlı durmadan, sel kimi axan şikayətləri də təsdiqləyir. Bəs, niyə məhkəmə sistemində islahatlar lazımi səviyyədə və sürətlə aparılmır, nədir, kimdir buna mane olan? Əksinə, hakimlər sanki getdikcə özlərini daha çox qanundan üstün, cəzasız qalacaqlarına arxayın hiss edirlər. Ümumiyyətlə, elə bir cinayət əməli qalıbmı ki, hakimlər tərəfindən törədilməsin? Rüşvət, dələduzluq, saxtakarlıq, sifarişlə qərar çıxarmaq… hətta aralarında qətl törədəni də var. Hələ bunlar üzə çıxarılanlarıdır. Beləmi olmalıdır ədalət mühakiməsinin kənardan görünən sifəti?…

Yuxarıda qeyd etdiyimiz şikayətçinin “Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu…” deməsi təsadüfi deyil. Hamıya məlumdur ki, məhkəmələrə əsas nəzarəti Məhkəmə-Hüquq Şurası yerinə yetirir. Onun sədri isə 21 ildir bu postda oturan Ədliyyə naziri Fikrət Məmmədovdur. Məhkəmələrə ən çox təsir imkanı olan qurumlar sırasında da bu nazirliyin xüsusi yeri var. A.Məhərrəmovunsa qardaşı həmin nazirlikdə yüksək vəzifə tuturmuş və belə çıxır ki, təkcə bu amil hansısa ustanın, fəhlənin, tikinti materialı satanın haqqını yeməyə, hələ bir üstündən su içməyə də kifayət edir.

Onu da qeyd edək ki, hələ Abel Məhərrəmov hakimiyyətdə “vurulmuş” şəxs sayılır. Əgər hətta beləsi bir qərarı hakimə geri oxutdura, məhkəmə zalında bir, hakimin otağında isə başqa qərar qəbul etdirə bilirsə, indi görün vəzifədə olanların məhkəmələrə təsiri hansı səviyyədədir və onlar necə “minib-çapırlar” ədalət mühakiməsini...

Araşdırsaq, hakimlərin böyük qisminin hansısa vəzifəli məmurla bu və ya digər formada qohumluğu, yaxınlığı üzə çıxar. Belə adamların müstəqil, qanunlara söykənən, təmənnasız, bir sözlə, ədalətli qərarlar çıxarması, ümumiyyətlə, bu adamlarda ədalət hissinin olması nə dərəcədə ağlabatandır? Məsələn, uzun illər metropoliteni şəxsi obyekti kimi işlədən, dövlətin milyonlarını qapazlayıb, hətta bir hissəsini də Çovdarova yedirdən Tağı Əhmədovun oğlunda hansı ədalət hissi ola bilər?… 

Bütün bunlar həm də Azərbaycandakı məmur oliqarxiyasının nümayəndələrinin bir-birilə hörümçək toru kimi bağlanmasının və hər “hörümçəyin” də öz yaxın qohum-əqrabasını çəkib torun ayrı-ayrı hissələrinə yerləşdirməsinin ortaya qoyduğu acınacaqlı, cəmiyyətimizin, dövlətimizin dayaqlarını sarsıdan mənzərədir. Ona görə də məmur oliqarxiyasının bütün sahələrdə “at oynatması” davam etdikcə, bir çox istiqamətlərdəki kimi, məhkəmə-hüquq sistemində də hansısa ciddi dəyişiklik gözləməyə dəymir…/azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password