Ermənistanda emiqrasiya: “Aviareyslər açılandan sonra ölkəni tərk edənlər…”
Ermənistanda növbədənkənar parlament seçkiləri kampaniyası dövründən əsas mövzulardan biri də emiqrasiyadır. Rəsmi statistikaya əsasən, müstəqilliyin əldə edilməsindən sonra ölkənin əhalisi yarım milyon – rəsmi olaraq 553 000 nəfər azalıb. Qeyd edilir ki, hazırda ölkə əhalisi 2,9 milyon nəfər təşkil edir. Təbii, bu say yalnız miqrasiyanın həcmini əks etdirmir, həm də əhalinin mənfi təbii artımının göstəricisidir.
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sözlərinə görə, İkinci Qarabağ müharibəsinin gedişatında ölənlərin sayı təxminən 3 700 nəfər təşkil edib. 2020-ci il ərzində emiqrasiya haqqında məlumatlara gəlincə, sərhədlərin bağlı olması səbəbindən bu göstərici praktik olaraq sıfır idi.
Amma rəsmi məlumata görə, cari ilin yanvar-mart aylarında Ermənistanı 127 338 vətəndaş tərk edib, ölkəyə 63 625 nəfər gəlib. Beləliklə, üç ay ərzində ölkədən 63 713 nəfər həmişəlik gedib.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistandakı daxili vəziyyət barədə danışıb:
“Narazılıq təkcə seçkilərlə bağlı yox, həm də siyasi elita ilə bağlıdır. Emiqrasiya daxildə baş verənlərə, o cümlədən uydurmalara, miflərə olan reaksiyadır. Yerli əhali artıq öz davranışını müəyyənləşdirib. Bir azdan, aviareyslər açılandan sonra ölkəni tərk edənlərin sayı lap çox olacaq. Hələlik pandemiya buna mane olur”.